İnterPress.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk cavab matçı Zirədə olacaq. Burada qəsəbənin eyni adlı təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından meydan sahibləri nisbətən üstün durumdadırlar.
Bu kollektivlər arasına cari çempionatda baş tutan 4 görüşdən 3-də “qartallar” qələbə qazanıblar: 0:1, 3:1, 1:0 və 2:0. Ölkə Kuboku hər iki komandanın Avropa Liqasına vəsiqə qazanması üçün son şansdır.
Qarşılaşma baş məşqçilərin sabiq komandalarına qarşı dueli kimi də əlamətdar olacaq. Ayxan Abbasov “Zirə”də, Samir Abasov isə “Sumqayıt”da baş məşqçi karyerasına start verilib. Birinci cari mövsümdə uğursuzluqlardan sonra postunu tərk edibsə, digəri ötən çempionatın yekununda öz istəyi ilə vəzifəsindən ayrılıb.
Digər yarımfinal matçı isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mərkəzi arenada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Meydan sahibləri ilk görüşün 73-cü dəqiqəsində Ceyms Adeniyinin vurduğu tək qolla qalib gəlib. Ancaq cari çempionatda ağdamlılar 4 oyunun hamısında güclü olublar: 4:1, 3:1, 2:1 və 2:1. Üstəlik, rəqiblər indiyədək 3 dəfə 1/4 final, bir dəfə finalda qarşılaşıblar. Bunlardan üçündə “Qarabağ”, birində isə “Qəbələ” sevinən tərəf olub.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
1 may (çərşənbə)
17:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika Stadionu
20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, final oyunu mayın 19-da olacaq.