İndiyə qədər nəyi milli məsələyə çevirmişik?backend

İndiyə qədər nəyi milli məsələyə çevirmişik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Tənzilə xanım, ermənilərin uzun müddətdir hazırlaşdıqları “soyqırımın 100 illiyi” sizcə neçə keçdi?

– Əslində ermənilər hər il “soyqırım”ı 100 illik olurmuş kimi qeyd edirlər. Bizə elə gəlirdi ki, sanki bu il bir ajiotaj var, halbuki erməni diasporu da, onların dəstəkləyiciləri də hər il bu mərasimləri təşkil edib. Sadəcə son on ildə qondarma soyqırım daha çox ölkə tərəfindən tanınmağa başladı. Bunda ilk növbədə erməni diasporu, daha sonra isə ermənilərin beynəlxalq miqyasda dəstəkləyicilərinin fəaliyyəti önəmli rol oynayır. Avropa bu məsələyə erməni məsələsi kimi yox, xristian Avropanın məsələsi kimi baxır və məhz bu prizmadan hadisələrə qiymət verir. Avropanın fikrincə, bu, ermənilərin simasında xristian dünyasının məsələsidir. Erməni “soyqırımı” məsələsində Avropanın öz maraqları var. 1948-ci ildə Soyqırım Konvensiyası qəbul edilib, həmin zamandan sonra ermənilər tərəfindən Xocalı soyqırımı törədilib. Əgər məsələ həqiqətən də soyqırımı tanımaq və günahkarları ittiham etməkdirsə, o zaman Avropa daha yaxın tarixdə baş verən Xocalı soyqırımını tanısın. Erməni “soyqırımı” məsələsində ən təmkinli davranan Amerika və İngiltərədir. Bunun səbəbini araşdıranda mühüm məqamlar ortaya çıxır. Bəlli olur ki, bu 2 ölkə hadisələrin içində idi, 1915-ci ildə nə baş verdiyini bilirlər, ona görə də tarixə daha təmkinlə yanaşırlar. Həmin hadisələri araşdıran komissiya onlarla şəxsi həbs etmişdi, ancaq daha sonra araşdırmanın gedişində məlum oldu ki, onların heç bir günahı yoxdur və həbsdən azad edildilər, bəraət aldılar, günahı olanlar isə cəzalandırıldılar. Hətta bu məsələdə heç bir günahı olmayan Boğazlıyan kaymakamı Kamal bəy edam edildi və ölümündən sonra məlum oldu ki, ermənilər ona iftira atıb. Daha sonra Atatürk onu Milli Şəhid, Milli Qəhrəman elan etdi.

İndiyə qədər nəyi milli məsələyə çevirmişik?

Soyqırımın mərkəzi elə Avropadır

Ermənilərin Osmanlı imperiyasının sərhədləri daxilində bir yerdən başqa yerə köç etdirilməsinin soyqrımla heç bir əlaqəsi yoxdur. ABŞ prezidenti bu hadisələrə “böyük fəlakət” deyir. Ancaq soyqırım ifadəsini işlətmir. Çünki ABŞ heç bir halda dövlət marağını ermənilərin maraqlarına satmaz. İngiltərə də bu mövqedədir. Rəhbərlər dəyişir, ancaq dövlət marağı dəyişmir. Soyqırımların tarixinə baxsaq görərik ki, soyqırımın mərkəzi elə Avropadır. Dünya müharibələrini başladan Avropadır. Ancaq Türkiyəni belə bir oyunun içinə sürükləyirlər. Türkiyənin xarici siyasətində yanlışlıqlar var. Abdullah Gülün xarici işlər naziri olduğu dönəmdə Türkiyə bəzi konvensiyalara imza atmalı oldu. Bura “soyqırım”ın tanınması, Ermənistanla sərhədlərin açılması da daxil idi. Doğrudur, bir neçə ildir ki, bu məsələ təxirə salınır. Ancaq ümumiyyətlə gündəlikdən çıxarılmayıb. Türkiyə ictimai rəyində belə bir fikir formalaşdırılır ki, Ermənistanla sərhədlər Azərbaycan torpaqlarının bu ölkə tərəfindən işğal olunması ilə əlaqədar açılmır. Doğrudur, bu da var, amma ermənilərin Türkiyəyə torpaq iddiaları, Türkiyənin sərhədlərini tanımaması, “soyqırım” iddalarından vaz keçməməsi göstərir ki, Türkiyənin özünün də Ermənistanla problemi var, xüsusilə də qondarma soyqırım məsələsi hələ gündəmdədir. Hətta tutaq ki, Azərbaycan üzündən sərhədlər qapanıb, yəni qapanma səbəbi Qarabağın işğalıdır, Türkiyəmiz “İşğal ortadan qalxmadan, ermənilər Qarabağdan çəkilmədən biz sərhədləri açmayacağıq” deyib və Ermənistanla siyasi əlaqələrə son verib. İndi nə baş verdi, bəlkə ermənilər Qarabağdan çəkildilər bizim xəbərimiz yoxdur, işğal faktı ortadan qalxdımı? Ermənilər Qafqazda işğalçılıq siyasətinə və dövlət səviyyəsində terror əməllərinə son verdi biz duymadıq? Türkiyə böyük dövlətdir və dövlətlər qəbul etdikləri qərarlara hörmətlə yanaşar ki, digər dövlətlər də ona sayğı duysunlar.

Ermənilər torpaq altında balalayır

İndiyə qədər nəyi milli məsələyə çevirmişik?

– 24 apreldə “ASALA” terror təşkilatı bəyanat yayaraq “soyqırım”ın tanıdılması istiqamətində aparılan işin yetərli olmadığını və belə davam edərsə 50 il sonra “soyqırım”ın unudulacağını bildirib. Bu nədir, fikir ayrılığı, yoxsa ənənəvi erməni siyasəti?

– Bu bəyanatın da arxasında saxtakarlıq dayanır. Ermənilər “soyqırım”la xəstələniblər. Bu məsələdə ancaq siyasi qərar qəbul ediblər. Ortada heç bir tarixi faktlara söykənən sənəd və məhkəmə qərarı yoxdur, çünki ortada soyqırım olduğunu təsdiqləyən heç bir fakt yoxdur. Əgər iddia etdikləri kimi 1,5 milyon insan ölübsə, heç olmasa bir kütləvi məzarlıq yoxdurmu? Belə məzarlıq Şamaxıda, Qubada, Vanda var, ermənilər türk millətini bu yerlərdə kütləvi şəkildə öldürərək məzarlara gömüblər, bu yerlərdə əsl soyqırım törədilib. Sabir Rüstəmxanlının yaxşı bir sözü var. Deyir ki, ermənilər torpaq altında balalayır. Əvvəl 500 min, daha sonra 1 miyon, indi isə 1,5 milyon. Əgər iddialarının bircə sübutu varsa, arxivlərini açmaqdan çəkinməsinlər. Ancaq çəkinirlər, çünki açılacağı təqdirdə ordan türklərə qarşı törədilən soyqırımlarla bağlı faktlar çıxacaq. Əgər “tehcir” (köç) soyqırımdırsa, o zaman Axıska türklərinin sürgün edilməsi, Azərbaycan türklərinin Ermənistandan deportasiya edilməsi də soyqırımdır. 1700-cü illərdən başlayaraq Rusiyanın ermənilərdən hər fürsətdə istifadə siyasəti başladı və bundan sonra ruslar erməniləri hər gələnin ağzına yem olaraq atdılar. Soyqırıma, evini, ata yurdunu tərk etməyə məcbur qalan hər bir azərbaycanlının vəbalı Rusiyanın boynundadır. Halbuki Ermənistan anlamalıdır ki, Türkiyəni suçlayıb, Azərbaycan torpaqlarını işğal altnda saxlamaqla əslində ən böyük ziyanı özünə vurur.

– Düşünürsüz ki, ermənilər arasında bunu anlayacaq biriləri yoxdur?

– Ermənilər ruhsal olaraq “soyqırım”la xəstələniblər, ruh halları pozulub. Bu, bir millətin faciəsidir. Rusiya da, Avropa da bundan istifadə edir. Azərbaycan torpaqlarında bir dəfə erməni dövləti, yəni bugünkü Ermənistan qurulmasına icazə verilib, ikinci dəfə belə bir imkan verilməyəcək. Qarabağ məsələsi də bizim üçün namus, şərəf məsələsinə çevrilməlidir.

– Çevirə biləcəyikmi?

Ermənilər “soyqırım” xəstəliyinə, biz isə bir-birimizi yemək xəstəliyinə tutulmuşuq

-İş görənlərin qarşısına kötük yuvarlayırıq. Müşahidələrimə əsasən söyləyə bilərəm ki, Türkiyədə Azərbaycan dərnəklərinin sayı kifayət qədər çox olsa da, əməli iş yetərli səviyyədə deyil. Ermənilər parlamentdə bir neçə millət vəkili ilə təmsil olunmaq istəyir. Artıq namizədlər var. Bizimkilər isə sadəcə özlərini reklam edir. Ölkəmdən kənarda saysız təşəkkürnamələrə, diplomlara layiq görülmüşəm, ancaq indiyə qədər öz ölkəmdən qarşılığında heç bir şey gözləməsəm də, bir təşəkkür bəlgəm belə yoxdur. Türkiyə paralel yapı ilə savaşır. Biz zamanlar açıq şəkildə özünü biruzə verənlər indi köynək dəyişib, guya iqtidarsevərə çevriliblər. Bəzi işlərin görülməsinə külli miqdarda vəsait ayrılır. Bu vəsaitin hara, necə xərclənməsinin bir hesabı sorulmayacaqmı? Mən bilirəm ölkə başçısı cənab İlham Əliyev Qarabağ məsələsində çox həssasdır, dünyanın qarşısında heç bir güzəşt etmədən Azərbaycanın haqqını müdafiə edir, beynalxalq hüquqa Ermənistanın da hörmətlə yanaşmasının vacibliyini söyləyir, amma dünya bizə ikili standartla yanaşır, ermənilər onların ərköyün uşağıdır.

İndiyə qədər nəyi milli məsələyə çevirmişik?

Hansı nazirliyə zəng edirsən, telefonu qaldıran tapılmır…

Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı keçirilən 17 dekabr əməliyyatının oxşarı Azərbaycanda da keçirilə bilərdi. Görülən işlərlə bağlı hesabat vermək istəyən yoxdur, hansi nazirliyə zəng edirsən telefonu qaldıran tapılmır. Əhməd Şəfəq bir ssenari yazıb, neçə müddətdir ki, onun reallaşdırılmasına kimsə yaxın durmur. Bəzi məmurlarımız və millət vəkillərimiz Türkiyə universtetlərinə tələbə yerləşdirməklə məşğuldurlar, burada bunun üçün qohum-qardaşlarına şirkətlər qurublar və şəxsi mənfəətləri üçün çalışırlar. Bir az da Azərbaycanı Türkiyədə tanıdanlara vəsait ayrılsın. Konsul Həsən Zeynalov müxtəlif istiqamətlərdə çalışır, əsl savaş verir. Çünki dövlətin mənafeyini müdafiə edir, ölkə prezidentinin bəyan etdiyi siyasi xətti müdafiə edir. Heyf ki, başqalarında bu fəaliyyəti görmürük.

-Tənzilə xanım, uzun illərdir ki, ermənilərin Azərbaycana qarşı təcavüzü, törətdikləri soyqırımların tanınması istiqamətində fəaliyyət göstərirsiniz. Türkiyə ilə bu istiqamətdə birgə fəaliyyətin nəticəsi sizi qane edirmi?

Tariximizi tanıda bilməmişik…

– Biz bir millətik, problemlərimiz də eynidir. Xüsusilə xarici siyasətdə birgə hərəkət etməliyik. QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bir layihə həyata keçirdik. “İrəvandan Xocalıya” adlı kitab hazırlayıb Türkiyə türkcəsinə tərcümə etdik və müxtəlif universitetlərdə, kitabxalanarda yaydıq. Həmin kitabda çox maraqlı tarixi faktlar, sənədlər əksini tapıb. Bu, artıq görülmüş işdir. Və mən düşünürəm ki, bizim bu qəbildən işlərimiz daha çox olmalıdır ki, özümüzü, tariximizi tanıda bilək. Bəzən bizə elə gəlir ki, bizi Türkiyədə kifayət qədər tanıyırlar. Ancaq davamlı iş nəticəsində aydın olur ki, bu, belə deyil. Türk toplumuna “ermənistanlıyam” deyəndə bunu erməni kimi anlayır. Çünki Azərbaycanın tarixindən xəbərsizdir, biz tariximizi tanıda bilməmişik. Bu millət bilmədiyi bir şeyi müdafiə etmir. 23 ildir bunun mücadiləsini verirəm və bu qənaətə gəlmişəm.

Ermənilərin mətbuatda ən güclü olduğu üçüncü ölkə Türkiyədir

İndiyə qədər nəyi milli məsələyə çevirmişik?

– Qeyd etdiyiniz kimi, 23 ildir bu istiqamətdə fəaliyyət göstərirsiniz. 23 il əvvəllə indiki vəziyyət arasında hansısa fərq varmı? Türk toplumunun Azərbaycanla bağlı məlumatlılıq səviyyəsi nə dərəcədə dəyişib?

– Təbii ki, fərq var və bu fərq çox hiss edilir. Qaradənizdən İç Anadoluya qədər bir çox yerdə olmuşam, konfranslar təşkil etmişik. İlk konfrans 1993-cü ildə olub. O dövrdən bəri həm mətbuatda çıxışlarım, həm ictimaiyyət, elm xadimləri ilə görüşlərim türk toplumunun Azərbaycan haqda hər gün bir az daha çox məlumat əldə etdiyini göstərir. Ancaq daha çox işləməliyik. Bir qənaətimi sizinlə bölüşmək istəyirəm və bu məsələ məni həddindən artıq çox narahat edir. Amerika və Fransadan sonra ermənilərin mətbuatda ən çox güclü olduğu üçüncü ölkə Türkiyədir. Mən bunu müşahidə etdim. Hara əlimizi atırıqsa, qarşımıza mütləq bir erməni çıxır. Əllərində kifayət qədər imkanları var. Arxalarında güclü erməni diasporu, maliyyə dəstəyi, mətbuat gücü var. Taksim meydanında aprelin 24-də mitinq keçirdilər. Ermənilərə verilən tavizlərdən məharətlə istifadə edirlər. Türkiyədə bu taviz Hrant Dinkin öldürülməsi ilə başladı. Bu hadisədən gündəm yaradıldı, bu ölüm hadisəsi erməni diasporu ilə Avropa Birliyinin Türkiyə üzərində oynadığı oyunun bir parçası idi. Bəzi ölkələrdə qondarma soyqırımın inkarına görə cəza nəzərdə tutan qanunun qəbulunu söz və ifadə azadlığının pozulması kimi qiymətləndirənlərdən biri də Hrant Dink idi. Məhz bu düşüncədə olan birini qətlə yetirməklə Türkiyəyə qarşı yeni bir oyun başladı və bu gün də davam edir. Ermənilər “soyqırım” məsələsini milli-ideoloji savaşa çeviriblər. Konfranslardan birində Tiflisdə 2 erməni ilə qarşılaşdım. Biri müxalifət, digəri iqtidar tərəfdarı idi. Bir-birlərinə əks cəbhədə dayanan bu iki nəfər ancaq Qarabağ və “soyqırım” məsələsində həmfikir idilər və bunu nümayiş etdirirdilər. Ermənilər “soyqırım”ı milli-ideoloji savaşa çeviriblər. Bəs biz indiyə qədər nəyi milli məsələyə çevirmişik? Güney Azərbaycan məsələsindən danışırıq, İran və İransevərlər həmin an hücuma başlayır. Türklük mücadiləsindən danışırıq, başqa bir cəbhədən hücuma məruz qalırıq. Ancaq bütün bunlara baxmayaraq biz qondarma soyqırımla bağlı ermənilərə adekvat cavaba Türkiyədən daha yaxşı hazırlaşmışdıq. Çünki türk olduğumuza görə soyqırıma məruz qalan məhz biz olmuşuq, biz bunun acısını yaşamışıq. Türk Gənclər Topluluğu ilə əməkdşalıq çərçivəsində Muğla, Mersin, Adana universitetlərində konfranslar təşkil etdik. Türkiyədə Əsilsiz Erməni İddiaları ilə Mücadilə Dərnəyi ilə Bursa, İnegöldə konfrans təşkil etdik. Yalova Universitetində sırf Xocalıya həsr edilmiş konfrans keçirildi. Amasiya, Samsun, Kütahya universitetlərində konfranslar maraqla qarşılandı. Bütün çətinliklərə baxmayaraq işimizi davam etdirəcəyik. May ayında Türkiyə mətbuat nümayəndələrini bura dəvət edib, Qubadakı soyqırım məzarlığına aparacağıq. Ölkə prezidentinin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı ciddi bəyanatlar səsləndirir. Türkiyəyə iqdidarının ermənilərə verdiyi tavizlərə rəğmən Türkiyəni erməni yalanından qorumaq bizlərin borcudur. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin olmadığı bütün beynalxalq toplantılarda Türkiyənin əleyhinə olan qərarlara etiraz edib və millətimizin mənafeyini müdafiə edib. Sadəcə icraçılar üzərlərinə düşən vəzifəni icra etmir, bu məsələyə də ancaq öz mənfəətləri prizmasından baxırlar. Heç olmasa bu məsələdə səmimi olmaq lazımdır. Qarabağ bizim namus məsələmizdir. Türkiyə mətbuatında onlarla qəzetdə Ermənistanın lehinə köşə yazılarına rast gələrsiz. Amma Azərbaycanın Qarabağ gerçəyini anlatan bir ciddi yazı görə bilməzsiniz. Hələ Türkiyənın iqtidarının dəstəklədiyi mətbuatda buna heç rast gəlməzsiniz. Çünki aparıcı mətbuat orqanlarının başında ya ermənilər, ya da PKK-lılar durur. Nə yazıq ki, Türkiyəmizdə Azərbaycanın durumu bu vəziyyətdədir, qardaşlıq sözlə olmaz, işdə olur. Türk milləti hər zaman Azərbaycanın yanındadır, millətin sevgisində bir problem yoxdur, problem ermənilərə ciddi şəkildə dəstək verən siyasi güclərdədir. Belə davam edərsə, 5-10 il sonra ermənilər və onlara dəstək verən türk düşmənləri Türkiyənın başına böyük bəla olacaqlar və bu, Türkiyəmizin bütovlüyünə çiddi təhlikə olar. Biz Orta Şərqdə güclü bir Türkiyə istəyirik, biz türklərin hakim olduğu Türkiyəni sevmişik, çünki Türkiyə böyük bir coğrafiyada yaşayan türk millətinin paytaxtıdır. Türkiyə dövlətinin qurucusu türk millətidir, Türkiyə türklərindir.

Elnarə Kərimova
İnterpress.az