“20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı”backend

“20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 33 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu faciə nəticəsində 146 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət həm də bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Çünki bu hadisə nəticəsində insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Əslində 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Ermənilər azərbaycanlıların deportasiyasını onunla əsaslandırırdı ki, guya azərbaycanlıların yaşadığı torpaqlar tarixən onlara məxsus olub. Halbuki 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi əvvəlki deportasiyalara rəğmən, hələ də respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. Bu fakt belə bu torpaqların ermənilərə məxsus olmadığını təsdiq edir.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, 1990-cı il yanvar hadisələrindən cəmi 2 ay sonra – martın 24-də Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı:

“Keçmiş Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. 613 nəfərin öldürüldüyü Xocalı soyqırımı ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Azərbaycan xalqına qarşı kütləvi qırğınlar 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Bu gün də həmin hadisələrin qanlı izləri azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar şəklində üzə çıxır.

Bütün bunlara baxmayaraq Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin qisası mahiyyətini daşıyırdı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Lakin həm qayıdışın, həm də münaqişənin birdəfəlik yekunlaşması üçün azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə qayıtması da vacibdir. Artıq Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib”.