Ayrı-ayrı fiziki və hüquqi şəxslər qanunsuz kabel şəbəkəsi yayımı ilə məşğuldurlarbackend

Ayrı-ayrı fiziki və hüquqi şəxslər qanunsuz kabel şəbəkəsi yayımı ilə məşğuldurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

Sədr müavini bildirib ki, bir neçə gün əvvəl MTRŞ-da Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə keçirilən görüşdə kabel şəbəkəsi sahəsindəki mövcud vəziyyət ətraflı təhlil olunub: “150-200 xarici kanalla əlaqə saxlamaq, onlarla müqavilə bağlamaq asan iş deyil. Bu heç iqtisadi cəhətdən də operatorlar üçün sərfəli sayılmır. Onlar nə qazanır ki, o sayda kanalın şərtlərini ödəyə bilsinlər? Müvafiq müqavilə olmadan yayımın həyata keçirilməsi isə birbaşa müəllif hüquqlarının pozulması deməkdir. Bu da çox ciddi nəticələrə gətirib çıxara bilər. Bu istiqamətdə kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə müəyyən söhbətlərimiz oldu”.

Q. Cəniyevin sözlərinə görə, kabel şəbəkəsi paketinə çox saylı idman, musiqi və kino kanalları daxil edilir: “Görürsən ki, bəzi operatorlar ucdan tutma bu cür kanalları paketə daxil edir. Burada bir növ balans pozulur. Yaxşı olar ki, bir operator bu qəbildən olan üç kanalı, digər operator başqa üç kanalı yayımlasın. Biz bunları da yayımçıların ixtiyarına buraxdıq. Balans yaranmalıdır ki, onlar bir-birlərini təkrar etməsinlər”.

Sədr müavini əlavə edib ki, Azərbaycanın əleyhinə verilişlər hazırlayan xarici kanallarla da bağlı MTRŞ tərəfindən kabel şəbəkəsi yayımçılarının rəhbərlərinə tövsiyələr verilib: “Biz bu işlərə qarışmırıq. Azərbaycan dünyaya açıq ölkədir. Peyk yayımı vasitəsilə Azərbaycan tamaşaçısı istənilən xarici kanalları izləyə bilir. Amma biz yaxın və uzaq ətrafda Azərbaycana, azərbaycanlılara, bizim reallıqlarımıza qarşı olan münasibətlərə reaksiya verməyə bilmərik. Elə ölkələrin elə kanalları var ki, onlar vaxtaşırı efirdə Azərbaycan reallıqlarını təhrif edən materiallar verirlər. Elə xarici kanallar var ki, Azərbaycana düşmən mövqe sərgiləyən iş adamlarına, siyasətçilərə məxsusdur. Onlar da istər-istəməz ara-sıra da olsa, Azərbaycan əleyhinə təxribat xarakterli, dezinformasiya xarakterli məlumat yayırlar. Mən onların adlarını açıqlamaq istəməzdim. Bu kanallar bizə də, operatorlara da, tamaşaçıya da bəllidir. Kabel şəbəkəsi yayımçılarının rəhbərlərinə tövsiyəmiz bu oldu ki, kabel şəbəkəsi yayımı ilə məşğul olan operatorlar yayım paketini formalaşdırarkən bunları da nəzərə alsınlar. Azərbaycana düşmən münasibətdə olan kanallara efirimizi peşkəş edə bilmərik. Bu gün informasiya təhlükəsizliyi sərhədlərin toxunulmazlığı qədər vacib və ciddi məsələdir.

Şura kabel şəbəkəsi operatorlarına siyahı tərtib edib verəsi deyil ki, bunları yayımla, bunları yox. Ölkədə bu məsələlər azaddır. Kabel şəbəkəsi yayımına rəhbərlik edənlər də bu respublikanın vətəndaşlarıdır. Kabel şəbəkəsi yayımı ilə məşğul olan hər bir şəxs ölkəmizin maraqlarını mütləq şəkildə nəzərə almalıdır”.

Sədr müavini onu da qeyd edib ki, Bakıda və digər şəhərlərdə ayrı-ayrı fiziki və hüquqi şəxslər qanunsuz olaraq kabel şəbəkəsi yayımı ilə məşğuldurlar: “Bəzi insanlar unudurlar ki, kabel şəbəkəsi yayımı lisenziyalaşdırılmalı olan fəaliyyət sahəsidir. Lisenziyası olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barədə ölçü götürülməlidir”

İnterpress.az