Misirdə 5 ulduzlu oteldə 11 yaşlı rusiyalı uşaq elektrik cərəyanından ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında yayılan məlumatlarda bildirilir.
Moskvadan ailəsi ilə birlikdə Misirin Şarm əl-Şeyx şəhərindəki “Swissôtel Sharm El Sheikh” otelinə gələn 11 yaşlı oğlan elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.
Hadisə zamanı ona kömək etməyə çalışan digər uşaq da elektrik cərəyanına məruz qalaraq reanimasiyaya yerləşdirilib.
Yaxınlarının sözlərinə görə, axşam yeməyindən sonra qamakda yellənən uşaq çəmənliyə yıxılıb və otların arasında xəbərdarlıq nişanı olmadan uzandığı bildirilən yüksək gərginlikli kabelə toxunub. Uşaq otelin ərazisində vəfat edib.
Ona kömək etməyə çalışan dostunun isə ürəyində problemlər yarandığı bildirilir.
Ailənin iddiasına görə, meyitxanada ölüm səbəbi ilə bağlı rəyin hazırlanmasının təxminən 10 gün çəkə biləcəyi deyilib. Yaxınları bunun hadisənin izlərini gizlətmək məqsədi daşıdığından şübhələnirlər.
Ailə həmçinin müşahidə kameralarının görüntülərini əldə edə bilmədiyini bildirir.
Yaxınlarının sözlərinə görə, otel nümayəndələri əvvəlcə uşaqların transformator məntəqəsinə özlərinin girdiyini iddia edib, bir neçə gün sonra isə hadisənin ümumiyyətlə baş vermədiyini bildiriblər.
Ailə otel rəhbərliyinin hadisənin ictimailəşməməsində maraqlı olduğunu düşünür.
Xuraman Etibarlı
İnterpress.az






