Terrorçular Diyarbəkirin Silvan qəsəbəsində hərbçiləri aparan maşını partladıblar. Yola basdırılmış mina maşın ərazidən keçən zaman uzaqdan idarəetmə üsulu ilə partladılıb. Partlayış nəticəsində iki türk əsgəri yaralanıb. Yaralı əsgərlər vertolyotlarla Diyarbəkir dövlət xəstəxanasına çatdırılıb, onların durumunun ağır olduğu bildirilir.
PKK terrorçuları Bitlisin Tatvan qəsəbəsində hərbi hospitalı iriçaplı silahlardan bir saata yaxın atəşə tutublar. Atəş nəticəsində yaralanan olmayıb. Günorta saatlarında isə Vanda yerləşən Jandarma Qüvvələrinin regional qərargahı qumbaraatan və minaatanlardan atəşə tutulub. Mərmilər qərargahın mühafizə xəttinin yaxınlığında partladığından xəsarət alan olmayıb.
Tunceli valiliyi isə PKK terrorçularının bölgədə aktivləşdiyini nəzərə alaraq Ərzincan yolunu nəqliyyatın hərəkəti üçün bağlı elan edib. Valilik bildirib ki, Tunceli-Ərzincan yolunda vətəndaşların girov götürülmə ehtimalının olması artıb, bu səbəbdən adı çəkilən yol bir müddət avtomobillərin hərəkəti üçün bağlı elan olunur.
İnterpress.az