Hadisə Yusif Səfərov küçəsində qeydə alınıb. Cavanşir körpüsü istiqamətində hərəkətdə olan və Yusif Məmmədzadənin idarə etdiyi \”Mercedes\” markalı avtomobil eyni istiqamətdə hərəkət edən və Toğrul Orucluya məxsus KİA markalı maşına çırpılıb. Bundan sonra Yusif Məmmədzadə idarəetməni itirib, avtomobil yoldan çıxaraq, Şah İsmayıl Xətai heykəlinin ətrafındakı parka aşıb.
Aşan \”Mercedes\”in sürücüsü Yusif Məmmədzadə yüngül xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası sürücüyə yerində yardım göstərib. Avtomobildəki iki sərnişin və digər avtomobilin sürücüsü xəsarət almayıblar. Avtomobillərlə yanaşı, Xətai parkına da ziyan dəyib.
Xətai Rayon Polis İdarəsi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya KİA markalı avtomobilin sürücüsü Toğrul Oruclunun manevr qaydalarını pozması səbəb olub. Belə ki, o, Yusif Səfərov küçəsinin sol hərəkət zolağından sağa – Mehdi Mehdizadə küçəsinə dönmək istəyib. Nəticədə KİA sağ hərəkət zolağı ilə hərəkət edən \”Mercedes\”ə çırpılıb. \”Mercedes\”in sürücüsü Yusif Məmmədzadənin də sürət həddinə əməl etmədiyi ehtimal olunur.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. (apa)
İnterpress.az