Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (“Bandotdel”) əməkdaşları oliqarx Hacı İbrahim Nehrəmlini yenə də saxlayaraq adıçəkilən idarəyə aparıblar.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, iş adamı Beynəlxalq Bankdan götürdüyü kreditləri ödəyə bilmədiyi üçün saxlanıb.
“Avesta” konserninin prezidenti, iddialı “Khazar İslands” layihəsinin müəllifi olan Hacı İbrahim Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də də “Bandotdel” əməkdaşları tərəfindən saxlanmışdı. Onun banka 57 milyon dollar borcu var. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.
***
Hacı İbrahim Nehrəmli “Bandotdel”ə aparmaları barədə yayılan xəbərlərə aydınlıq gətirib.
İş adamı anspress-ə açıqlamasında idarəyə çağrılması barədə deyilənləri əsassız adlandırıb.
\”Dünən mənim işçilərimdən bəzilərini şəxsi kredit borcları olduğu üçün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsindən çağırmışdılar. Lakin bu onların şəxsi borclarıdır. Mənimlə heç bir əlaqəsi yoxdur. Ancaq mənə də dünən axşam saatlarında “Bandotdel”- dən zəng ediblər ki, sabah səhər saatlarında gəlin görüşək. Məndə bu gün görüşmək üçün idarəyə gedəcəm\”.
Nehrəmli Beynəlxalq banka olan borcunu da açıqlayıb. Onun sözlərinə görə, banka ümumilikdə 450 milyon manat kredit borcu var.
Beynəlxalq bankdan nümayəndə heyət onun 5 obyektini qiymətləndirib. \”Həmin 5 obyektə bankın qoyduğu qiymət 1.5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir “Bandotdel” tərəfindən çağırılmağım doğru deyil. Mən bankı buna görə məhkəməyə verməyə hazırlaşıram\”.
Xatırladaq ki, “Avesta” konserninin prezidenti, iddialı “Khazar İslands” layihəsinin müəllifi olan Hacı İbrahim Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də də “Bandotdel” əməkdaşları tərəfindən saxlanmışdı. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.
İnterpress.az