Ekspert: “Lombard kreditləri qanunsuzdur”backend

Ekspert: “Lombard kreditləri qanunsuzdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.

Əkrəm Həsənovun sözlərinə görə, Mülki Məcəllənin 37-ci fəsli (“Borc”) kredit təşkilatları ilə yanaşı, onlara da şamil olunur: “Amma həmin fəslin tələblərinə heç banklar əməl etmir, o da ola lombardlar. Məsələn, Məcəllənin tələbinə zidd olaraq faizləri ildə deyil, ayda bir dəfə tuturlar.
Bütün bunlaraq baxmayaraq, lombardların fəaliyyəti, bir qayda olaraq, qanunsuzdur. Ona görə ki, onların əksəriyyətinin kapitalı (öz vəsaiti) gülünc məbləğ (2 manatdan 200 manatadək təşkil edir. Vergilər Nazirliyinin internet səhifəsində “lombard” sözünü axtarış verib lombard təşkilatlarının (böyük ehtimalla bu siyahı tam deyil əlbəttə, çünki onların adında “lombard” sözünün olması məcburi deyil) nizamnamə kapitalının aşağıdakı kimi olduğunu müəyyən etdim:

1. \”AYSEL-LOMBARD\” MMC – 2 manat;
2. \”AVTOLOMBARD\” MMC – 4 manat;
3. \”LOMBARD FİNANS\” MMC – 5 manat;
4. \”LOMBARD İNVEST\” MMC – 5 manat;
5. \”E-LOMBARD\” MMC – 10 manat;
6. \”EXPRESS LOMBARD\” MMC – 10 manat;
7. \”LOMBARD KAPİTAL\” MMC – 10 manat;
8. \”LOMBARD RUZİ\” MMC – 10 manat;
9. \”QARANT LOMBARD\” MMC – 10 manat;
10. \”X-LOMBARD\” MMC – 10 manat;
11. \”EVROLOMBARD\” MMC – 20 manat;
12. \”LOMBARD HQ\” MMC – 20 manat;
13. \”LOMBARD-D\” MMC – 20 manat;
14. \”TAHİR-MAHİR LOMBARD\” MMC – 20 manat;
15. \”VAQİF LOMBARD\” MMC – 20 manat;
16. \”VENERA-LOMBARD\” MMC – 20 manat;
17. \”İDEAL LOMBARD\” MMC – 20 manat;
18. \”GÖY-GÖL LOMBARD\” MMC – 40 manat;
19. \”LOMBARD KREDİT\” MMC – 100 manat;
20. \”LOMBARD UNİON\” – 100 manat;
21. “KAPİTAL-LOMBARD” MMC – 100 manat;
22. \”LOMBARD SOZVEZDİYE\” MMC – 200 manat;
23. \” QOLD LOMBARD \” MMC – 20000 manat;
24. \”UĞUR LOMBARD\” MMC – 35000 manat;
Göründüyü kimi, yalnız son iki təşkilatın kapitalı nisbətən ciddi təəssürat bağışlayır. Lakin inanmıram ki, onların da verdiyi kreditlərin cəmi məbləği müvafiq olaraq 20000 və 35000 manatdır. Əlbəttə ki, qat-qat çoxdur”.
Hüquqşünas deyir ki, lombardlar kreditləri öz vəsaitləri deyil, cəlb edilmiş vəsaitlər hesabına verir: “Yəni birindən aşağı faiz dərəcəsi ilə borc alıb, digərinə yüksək faiz dərəcəsi ilə kredit verirlər. Başqa sözlə, əslində bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə, yəni cəlb edilmiş pul vəsaitləri hesabına kredit fəaliyyəti ilə məşğul olurlar. Bunun üçün onlar ən azı Mərkəzi Bankdan bank olmayan kredit təşkilatı kimi lisenziya almalı idilər. Mərkəzi Bank da onlara nəzarət etməli idi. Bəs Mərkəzi Bank hara baxır? “Lombard” adı altında de-fakto bank fəaliyyəti ilə məşğul olan qurumlara qarşı niyə tədbir görmür?
Digər sual lombardların bu vəsaiti haradan əldə etməsidir. Böyük ehtimalla əksər hallarda elə banklardan! Təxmin edirəm ki, bu proses bundan sonra daha da güclənəcək. Çünki Mərkəzi Bank parlament seçkiləri qabağı real tədbirlər (məsələn, bankların hamısına manatda ucuz kredit vermək) görmək əvəzinə, həm xalqı, həm də iqtidarı aldadır. Populist addımlara əl ataraq banklara qanunsuz göstəriş verib ki, kreditlər üzrə faiz dərəcələrini aşağı salsınlar. Təbii, bankların bu göstərişdən yayınmaq üçün kifayət qədər vasitəsi var: krediti xarici valyutada vermək, “şapka” almaq və s. O cümlədən əhaliyə kreditləri lombardlar vasitəsilə vermək. Yəni banklar kreditləri aşağı faiz dərəcəsi ilə lombardlara verəcək, lombardlar isə yüksək faiz dərəcəsi ilə əhaliyə. Bu baxımdan lombardların qanunsuz fəaliyyəti hazırda xüsusi əhəmiyyət kəsb edir və Mərkəzi Bankla yanaşı hüquq-mühafizə orqanları, habelə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ciddi tədbirlər görməlidir. Ümumiyyətlə isə lombardların fəaliyyətinə dair qanun, ən azı qaydalar qəbul edilməlidir”.

Əkrəm Həsənov bildirib ki, bəzi bankların da lombard kreditləri verməsi qanunsuzdur: “Belə ki, Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.7-ci bəndinə əsasən təminat kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır. Lombard krediti üzrə isə, əksinə, girov qoyulan təminat kreditin qaytarılmasının yeganə və əsas mənbəyidir. Amma əlbəttə, bankların bütün qanunsuzluqları qarşısında bu, heç nədir”.

İnterpress.az