Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əlimardan Kərimov APA-ya bildirib ki, itkin düşən şəxs bir müddət öncə ölkənin şərqində gedən müharibə səbəbindən Luqanskdan Xersona köçmüş, biznesini və diaspor fəaliyyətini burada bərpa etmək istəyən 1986-cı il təvəllüdlü, əslən Masallı rayonundan olan Ələkbərov Təbriz Cəsur oğludur. Onunla sonuncu dəfə iyulun 13-də Xerson vilayətinin Skadovsk rayonunda əlaqə qurulub və T. Ələkbərov telefonda həyat yoldaşına izlənildiyini, hansısa problemləri olduğunu deyib. Bundan sonra o, yoxa çıxıb. Yaxınlarının müraciəti əsasında Xerson polis idarəsi onun axtarışına başlayıb.
Qeyd edək ki, son bir ayda Xersonda 2 azərbaycanlı iş adamı qətlə yetirilib.
İnterpress.az