Bu gündən etibarən Marqara buraxılış məntəqəsinə Ermənistanın Sərhəd Qoşunları nəzarət edir.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Bu gündən etibarən Ermənistan-Türkiyə dövlət sərhədində yerləşən Marqara buraxılış məntəqəsində sərhəd xidməti müstəsna olaraq Ermənistan Respublikasının Sərhəd Qoşunları tərəfindən həyata keçirilir.
Ermənistanla Türkiyə arasında dövlət sərhədinin bağlı olması səbəbindən Marqara keçid məntəqəsi fəaliyyət göstərmir.
2022-ci ilin yayında Ermənistan hökumətinin qərarı ilə bu məntəqə tamamilə yeniləndi və orada Rusiya FTX Sərhəd Qoşunlarının daimi xidməti həyata keçirilməyə başladı.
Ermənistan-Türkiyə dövlət sərhədinin bu hissəsində göstərilən xidmətə görə Rusiya FTX-nin Sərhəd Qoşunlarına minnətdarlığımı bildirmək istəyirəm.
Marqara sərhəd-keçid məntəqəsinin Ermənistan Respublikası Sərhəd Qoşunlarının məsuliyyətinə verilməsi o deməkdir ki, 2025-ci il martın 1-dən Ermənistan sərhədinin keçməsinə, həm giriş-çıxışa bütün nəzarəti müstəsna olaraq Ermənistan Respublikasının Sərhəd Qoşunları həyata keçirəcək, çünki belə (fəaliyyət göstərməyən) məntəqələrdə yalnız Ermənistanın Sərhəd Qoşunları xidmət göstərəcək”, – Paşinyan deyib.
Xuraman Etibarlı
İnterpress.az