\”Tərəflər danışıqlar masasına qayıtmalı və məsələnin hərtərəfli həllini tapmalıdırlar\”
Bakı. 7 iyun. REPORT.AZ/ Rumıniyanın Azərbaycandakı səfiri, eyni zamanda NATO-nun Bakıdakı əlaqələndirici ofisinin rəhbəri vəzifəsini icra edən Daniel Kristian Çobanu iyulun 7-8-də Varşavada keçiriləcək NATO sammiti ərəfəsində \”Report\”a müsahibə verib.
– Cənab səfir, NATO ilə Azərbaycan arasındakı siyasi əlaqələri necə qiymətləndirirsiniz?
– NATO ilə Azərbaycan arasındakı əlaqələr strateji əhəmiyyət daşıyır və uğurla inkişaf edir. NATO-Azərbaycan tərəfdaşlığı fəal siyasi dialoq və əsaslı praktik əməkdaşlığa əsaslanır. Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olan və 2009-cu ildən rəsmi Bakı ilə strateji tərəfdaşlığın əsasını qoyan Rumıniya NATO ilə əməkdaşlıq məsələsində Azərbaycanı fəal şəkildə dəstəkləyir. Rumıniya təhlükəsizlik və müdafiə sahəsində lazımi islahatların həyata keçirilməsi üzrə biliklərini təqdim etməklə özünün son Avro-Atlantik inteqrasiya təcrübəsini paylaşa biləcək NATO üzvü mövqeyindən çıxış edir.
– NATO-nun Bakıdakı əlaqələndirici ofisi mandatını icra edən Rumıniya səfirliyinin işini necə qiymətləndirirsiniz? Mandatın beşinci dəfə uzadılmasını gözləmək olar?
– Rumıniya səfirliyi əlaqələndirici səfir mandatının icrasına ilk dəfə 2009-cu ilin yanvar ayında başlayıb və bu gün bu mandatı ardıcıl 4-cü dəfə həyata keçirir. Rumıniyanın Bakıda əlaqələndirici səfir mandatının icraçısı kimi fəaliyyəti həm Alyansın özündə, həm də Azərbaycan hakimiyyəti tərəfindən yüksək qiymətləndirilib. Ardıcıl dördüncü dəfə NATO-nun Azərbaycandakı əlaqələndirici səfiri mandatının icrası ikitərəfli münasibətlərin əla səviyyədə olmasının göstəricisidir. Vəzifəmiz NATO haqqında məlumat yaymaqdır. Rumıniya səfirliyi Azərbaycandan olan müvafiq tərəfdaşlarla birgə ictimai diplomatiya çərçivəsində Bakıda və ölkənin digər şəhərlərində çoxlu sayda tədbirlər (seminarlar, konfranslar, \”dəyirmi masa\”lar) təşkil edib. Bu tədbirlər Azərbaycanda NATO-nun müsbət imicinin yaradılmasına yardım edir və xüsusilə gənc nəsil arasında NATO haqqında məlumatların artmasına səbəb olur. Səfirliklə NATO-nun Brüsseldə yerləşən İctimai Diplomatiya İdarəsi və NATO-nun Tbilisidəki əlaqə ofisi arasında mövcud olan gözəl əməkdaşlığa görə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, Azərbaycan Prezidenti Administrasiyasına, Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə və Milli Məclisə bizim ictimai diplomatiya istiqamətində apardığımız işlərə dəyərli dəstək verdikləri üçün təşəkkür etmək istəyirəm. Rumıniya səfirliyi NATO siyasəti və NATO-Azərbaycan əlaqələri barədə tam aydın təsəvvür yaranması məqsədilə ilin sonuna qədər də bir çox diplomatik tədbirlər təşkil edəcək. 2017-2018-ci illərdə hansı müttəfiqin NATO-nun əlaqələndirici səfirliyi mandatını həyata keçirməsi məsələsinə gəlincə, qərar gələcəkdə Brüsseldə veriləcək.
– İyulun əvvəlində Varşavada NATO-nun növbəti sammiti keçiriləcək. Sammitdən nə gözlənilir?
– İyulun 8-9-da keçiriləcək Varşava sammiti başlanğıc nöqtə olacaq. 2016-cı il martın 7-də Rumıniyanın Azərbaycandakı səfirliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu ilə birgə Bakıda \”Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər\” beynəlxalq konfransını təşkil edib. NATO rəsmilərinin, Prezident Administrasiyasının, nazirliklərin və Azərbaycan parlamentinin nümayəndələrinin, NATO ölkələrinin səfirlərinin, yerli mütəxəssislərin iştirak etdiyi müzakirələr nəticəsində məlum oldu ki, NATO-nun imkanlarının möhkəmləndirilməsi məsələsi Varşava sammitinin əsas mövzusu olacaq. Sammitdə NATO üzvlərinin kollektiv təhlükəsizliyinin təmin edilməsi üçün digər addımların atılacağını gözləyirəm. NATO-nun şərq \”cinah\”da davamlı, möhkəm və balanslı mövcudluğunu özündə ehtiva edən uzunmüddətli uyğunlaşma üzrə substantiv həllər paketinin əhəmiyyətini vurğulamalıyam. Rumıniyanın sammit qarşısında qoyduğu məqsədlər arasında NATO-nun raket əleyhinə müdafiə sisteminin (RƏMS) ilkin əməliyyat imkanları barədə elanı qeyd etməliyəm. Bu, NATO-nun şərqdəki tərəfdaşlarına dəstəyini artırması və NATO-Avropa İttifaqı strateji tərəfdaşlığının gücləndirilməsi deməkdir. Əminəm ki, NATO-nun Varşava sammiti çox uğurlu olacaq.
– Sammitdə Azərbaycanı kim təmsil edəcək?
– Azərbaycan NATO üçün çox mühüm və dəyərli tərəfdaşdır. Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə Buxarestdə, 2010-cu ildə Lissabonda, 2012-ci ildə Çikaqoda, 2014-cü ildə isə Uelsdə keçirilən NATO sammitlərində iştirak edib. Azərbaycanın bu dəfə də sammitdə ən yüksək səviyyədə təmsil olunacağına ümid edirik.
– Varşava sammitində Avropada həll edilməmiş münaqişələrə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinə toxunulacaq? Bu münaqişənin həllində NATO-nun dəstəyini gözləməyə dəyər?
– NATO-nun Uelsdə keçirilmiş son sammitində dövlət və hökumət başçılarının qəbul etdiyi bəyannamədə qeyd edildiyi kimi, həlli uzadılmış münaqişələrin mövcudluğu narahatlıq doğuran məqamlar olaraq qalır. Münaqişələr regionun sakinləri üçün potensial olaraq Avro-Atlantik cəmiyyətin üzvü olmağa mane olur. NATO müəyyən edilmiş danışıqlar çərçivəsində münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün tərəfləri konstruktiv şəkildə və daha səylə siyasi iradə göstərməyə çağırır. Rumıniya və NATO-dakı müttəfiqləri Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı NATO baş katibi Yens Stoltenberq dəfələrlə NATO-nun ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini və münaqişənin hərbi yolla həllinin olmadığını bildirib. Tərəflər danışıqlar masasına qayıtmalı və məsələnin hərtərəfli həllini tapmalıdırlar. Münaqişənin sülh yolu ilə həlli NATO-nun bütün tərəfdaş ölkələrinin \”Sülh üçün tərəfdaşlıq\” proqramına qoşulduğu zaman sadiq qalmağı öhdəlik kimi götürdüyü əsas vəzifələrdən biridir.
– İSAF-ın Əfqanıstandakı yeni mərhələsində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
– Azərbaycan Əfqanıstanda \”qətiyyətli dəstək\” missiyasında iştirak edir. Azərbaycan hökuməti də regionda təhlükəsizliyin təmin edilməsinə çox ciddi yanaşır. Rumıniya Azərbaycanın Əfqanıstandakı missiyada göstərdiyi səyləri yüksək qiymətləndirir. Azərbaycan Əfqanıstanda logistik, tranzit, eləcə də məşqlər, humanitar minatəmizləmə və Əfqanıstan Milli Ordusu Fonduna maliyyə dəstəyi göstərmək kimi qeyri-hərbi yardımlar həyata keçirir. Azərbaycan kimi tərəfdaşların mövcudluğu NATO-nun uğurunun zəmanətidir.
– FTƏP-in Azərbaycanla yeni mərhələsinin uğurlarını necə qiymətləndirirsiniz?
– Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) Azərbaycan və NATO arasında əməkdaşlıq çərçivəsindən kənara çıxır. Azərbaycan artıq İPAP proqramının üç mərhələsini yerinə yetirib və hazırda dördüncü mərhələni həyata keçirir. Bakı çox fəal tərəfdaşdır. Rumıniya Azərbaycanı FTƏP-dən istifadə etməklə siyasi dialoq və praktiki əməkdaşlıq sahəsində, o cümlədən terrorizmlə mübarizə, enerji təhlükəsizliyi, hərbi təlim və tədris sferasında NATO ilə əlaqələri dərinləşdirməyə çağırır. Bu, bizim üçün də vacibdir. Çünki Rumıniya əməkdaşlıq və tərəfdaşlıq vasitəsilə Qara dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsində maraqlıdır.
– NATO ilə Azərbaycanın digər layihələrini gözləmək olar?
– NATO ilə Azərbaycan arasında sıx əməkdaşlıq Qara dəniz – Xəzər dənizi regionunda sabitlik və təhlükəsizlik üçün faydalıdır. NATO-Azərbaycan tərəfdaşlıq imkanlarını artırmaq üçün ən uyğun vasitələri müəyyən etmək vacibdir. Bu ölkə Avropanın enerji təhlükəsizliyinin artırılmasında mühüm rol oynayır və eyni zamanda, yük daşınmaları sahəsində böyük əhəmiyyətə malikdir. NATO və tərəfdaşlarının energetika infrastrukturu və enerji daşınması məsələsində eyni fikirdə olması vacibdir. Rumıniyanın diplomatik missiyası qarşıdakı aylarda da NATO və Azərbaycan arasındakı tərəfdaşlığı fəal şəkildə təşviq edəcək.
– Son vaxtlar NATO və Rusiya arasındakı münasibətlərin pisləşdiyini müşahidə edirik. Bu, yeni \”soyuq müharibə\”nin başlanğıcı anlamına gəlir? Rumıniyada raket sistemlərinin quraşdırılması Rumıniya-Rusiya münasibətlərinin pisləşməsinə səbəb olmayacaq ki?
– NATO üzvləri fərdi azadlıq, demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərinə sadiq unikal dəyərlərə malikdir. NATO baş katibinin müavini Aleksandr Verşbou çox aydın şəkildə NATO-nun \”soyuq müharibə\” istəmədiyini bildirib. Deveseludakı (Rumıniya) raket sistemlərinə gəlincə, deyə bilərəm ki, onlar sırf müdafiə xarakterlidir. Onların rolu Avro-Atlantik məkana xarici təhdidlərin qarşısını almaqdır. Sistem beynəlxalq hüquqa tam uyğundur və Rusiyaya qarşı yönəlməyib.
– NATO rəsmilərinin Azərbaycana səfərlərini gözləmək olarmı?
– NATO rəsmiləri mütəmadi olaraq Azərbaycana gəlir. 2016-cı ilin fevral ayında NATO baş katibinin köməkçisinin müavini və NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana məhsuldar səfər edib. 2016-cı ilin mart ayında NATO nümayəndə heyətindən ibarət böyük bir qrup FTƏP missiyasını qiymətləndirmək üçün Bakıya gəlib. 2016-cı ilin aprel ayında NATO-ya dəstək və təchizat üzrə agentliyinin nümayəndəsi Devid Taunbrou Ceyrançölün minalardan təmizlənməsi üzrə layihənin həyata keçirilməsi ilə əlaqədar Azərbaycana səfər edib. NATO ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafından tam əminəm.(report)
İnterpress.az