Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə (ABOEM) ayrılan külli miqdarda dövlət vəsaitinin taleyi qaranlıqdır. Həmin vəsaitin xərclənmə istiqaməti məlum olsa da, onun təyinatı üzrə, şəffaf xərclənməsi şübhə doğurur.
Söhbət 2 milyard manata yaxın büdcə pulundan gedir.
Xatırladaq ki, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 01 fevral 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.
Agentlik Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Agentlik müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, həmçinin alternativ və bərpa olunan enerji sahəsinin inkişafını və infrastrukturun yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini, ABOEM üzrə enerji istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparır.
ABOEM-ə ötən illər ərzində məlum işləri görmək üçün kifayət qədər iri vəsaitlər ayrılsa da, ekspertlər ölkədə alternativ və bərpa olunan enerji sahəsində əldə edilən nəticələri qənaətbəxş saymırlar. Bu enerjinin payı rəsmi rəqəmlərə görə 10 faizə çatır, amma reallıqda həmin rəqəmin daha az olduğu vurğulanır.
Hesab olunur ki, indiki iş tempi ilə yaxın illərdə alternativ və bərpa olunan enerjinin payını 20 faizə çatdırmaq çətin məsələdir. Baxmayaraq ki, indiyədək bunun üçün kifayət qədər iri pullar xərclənib. Real durum həmin pulların təyinatını şübhə altına almağa kifayət edir.
Elə haqqında danışdığımız 2 milyard manatlıq vəsaitlə bağlı vəziyyət də dediklərimizi təsdiqləyir. Həmin vəsait Azüntex MMC ilə bağlı ayrılıb. Bu MMC Sumqayıtda inşa olunmuş iki zavodu özündə birləşdirir: Azgüntex Günəş Modulları zavodu və Azgüntex LED Lampaları zavodu…
Azerinews.tv -nin əldə etdiyi məlumatlarda bildirilir ki, ayrılan vəsaitin əhəmiyyətli hissəsinin təyinatı üzrə xərclənmədiyi ortadadır, bunu bir çox işlərin hələ də başa çatdırılmaması təsdiqləyir. Bundan başqa, hər iki zavodda son vaxtlar ciddi maliyyə problemləri hiss edilir, belə ki, bəzi işçilərin ixtisarına start verilib.
Məlumatda bildirilir ki, ABOEM-də bütün maliyyə əməliyyatları qurumun Aparat rəhbəri İmran Əhmədovun nəzarəti ilə aparılır. O, ABOEM-in «qara qutu»su hesab olunur.
Məsələ burasındadır ki, İ.Əhmədov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın kadrdır. O, uzun müddət MTN-nin Bakı Beynəlxalq Hava Limanındakı şöbəsinə rəhbərlik edib. Əhmədovun artıq ləğv edilmiş nazirliyin quldur dəstəsini təşkil etmiş vəzifəli şəxsləri ilə isti münasibətlərinin olmasına dair iddialar var. Bu münasibətlərin dərin qatları isə əlbəttə, maraq doğurur və ayrıca araşdırmanın mövzusudur. Sumqayıtda inşa edilən zavodlara ayrılan maliyyə vəsaitləri üzərində də həlledici təsir itmkanı məhz Aparat rəhbərinə məxsus olub. Odur ki, həmin külli miqdarda vəsaitin nə qədər şəffaf xərclənib-xərclənmədiyinə də İmran Əhmədov aydınlıq gətirə bilər.
Ümumiyyətlə, ABOEM-in maliyyə sirləri birbaşa onunla bağlıdır. Elə bu səbəbdən də onun özü izah etməlidir ki, ötən illər ərzində fantastik məbləğdə büdcə vəsaitlərinin xərclənməsinə baxmayaraq, Azərbaycanda alternativ və bərpa olunan enerjilərin payı niyə hələ də kiçik rəqəmlərlə ifadə olunur? Bu o demək deyilmi ki, həmin vəsaitlərin əhəmiyyətli hissəsi kimlərinsə şəxsi maraqlarının təmin olunmasına yönəlib?!
Bütün bu suallara daha ətraflı cavab tapmaq üçün mövzu ilə bağlı incələmələrimiz davam edəcək. Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İnterpress.az