Dövlətimizin başçısı qeyd edib ki, Əfqanıstanın təhlükəsizliyi və davamlı inkişafı regional və qlobal sabitlik üçün olduqca əhəmiyyətlidir: \”NATO-nun etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi Azərbaycan “Qətiyyətli dəstək” missiyasına əsgərləri vasitəsilə verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcək və müxtəlif növ tranzit daşımalarını təmin edəcək.
Azərbaycan Əfqanıstanın milli ordusunun Qəyyumluq Fonduna artıq bir neçə dəfə əhəmiyyətli yardımlar göstərib. Biz götürdüyümüz öhdəliklərə uyğun olaraq, həmin Fondu maliyyə baxımından dəstəkləməkdə davam edəcəyik. Biz Əfqanıstan ilə uzunmüddətli siyasi tərəfdaşlığa və praktiki əməkdaşlığa sadiq qalırıq və “Qətiyyətli dəstək” missiyası başa çatdıqdan sonra geniş Davamlı Tərəfdaşlıq Proqramı çərçivəsində töhfəmizi verməyi nəzərdə tuturuq\”.
İlham Əliyev bildirib ki, Azərbaycanın Əfqanıstanda sabitliyə və inkişafa verdiyi töhfə NATO əməliyyatlarındakı iştirakımızdan əlavə olaraq həyata keçirilir: \”Biz hərbi tədris, təhsil, infrastruktur, daşıma, sərmayələr və qadınların cəmiyyətdə rolunun artırılması kimi sahələrdə praktiki yardım göstərməklə, Əfqanıstanı etibarlı gələcəyə doğru islahatlar yolunda ikitərəfli qaydada dəstəkləyirik\”.
Prezident əlavə edib ki, Azərbaycan yaxın gələcəkdə başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə əhəmiyyətli dərəcədə maliyyə və texniki dəstəyini göstərib: \”Bu layihə Avropa və Asiyanın dəmir yolu xətlərini Azərbaycan vasitəsilə birləşdirəcək.
Əfqanıstan, həmçinin bu mühüm daşımalar şəbəkəsinə qoşula bilər. Xəzər regionunda ölkəmizin ən iri Beynəlxalq Ticarət Limanının tikintisi Avrasiyada əməkdaşlıq üçün yeni imkanları yaradır. Əminəm ki, Əfqanıstan, həmçinin bu layihədən faydalanacaq\”. (publika.az)
İnterpress.az