Bu haqda BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.
O qeyd edib ki, indiyədək taksi fəaliyyəti göstərən fərdi sahibkarlar da standartlara uyğunlaşdırılacaq:
“İndiyədək avtobuslarla bağlı müəyyən qaydalar var idi. Amma taksi xidməti yeganə sahədir ki, fiziki şəxslər, fərdi sahibkarlar tərəfindən idarə olunur. Hazırda Bakı şəhərinin inzibati ərazisində taksi xidməti göstərən şirkətlər var. Amma fərdi sahibkarların taksiləri onlardan daha çoxdur.
Məsələ burasındadır ki, indiyədək fərdi sahibkarlar tərəfindən idarə edilən taksilərin kvotaları, gəlirləri, sərnişin axını müəyyən edilməyib.
Hazırlanan konsepsiyada bu axın müəyyən olunacaq. Taksi fəaliyyəti ilə məşğul olanlara fərqlənmə nişanı veriləcək. Bildiyiniz kimi, fərqlənmə nişanın verilməsi Agentlik tərəfindən həyata keçirilir. Buna uyğun olaraq taksilər standarta uyğunlaşdırılacaq”.
İlkin mərhələdə Bakıda nə qədər taksiyə ehtiyac olduğu müəyyənləşdiriləcək. Taksilər avro -16 standartına cavab verməlidir, onlar üçün kvotalar müəyyən olunacaq”.
N.Allahyarova daha bir yenilik barədə məlumat verib. O bildirib ki, sürücülər Agentlik tərəfindən hazırlanan vahid geyimlə təmin olunacaqlar:
“İlkin olaraq avtobuslarda, ikinci mərhələdə taksilərdə nağdsız ödəmə sisteminə keçid nəzərdə tutulub. Bunun nəticəsində sərnişin kart sistemilə də ödənişini həyata keçirə biləcək.
Həmçinin taksilərdə ödəmələrin standartı müəyyən olunacaq. Sürücü gediş üçün istədiyi məbləği qoya bilməyəcək.
Konsepsiyaya uyğun olaraq həm sürücünün, həm də sərnişinin təhlükəsizliyi üçün taksi daxilində kameralar quraşdırılacaq”.
Agentlik rəsmisi taksilərin avtobus dayanacağına girə bilməyəcəyindən də danışıb:
“Bu gün avtobuslar ikinci xətdə dayanır, qəzalı vəziyyət yaradır və sərnişin düşürürlər. Amma bu problemin qaynağı avtobus sürücüsü deyil. Hamımız bilirik ki, taksilər dayanacaqları zəbt ediblər. Tezliklə bu məsələdə də aradan qaldırılacaq. Bakı şəhərinin inzibati ərazisində taksi dayanacaqları fəaliyyətə başlayacaq. Yəni, bu dayanacaqlar istifadəyə veriləndə taksilər öz dayanacaqlarında fəaliyyət göstərəcəklər. Avtobus dayanacaqlarına taksilərin girişi qadağan olunacaq”.(modern)
İnterpress.az