Silah zavodunda baş verən partlayışlar səngiyibbackend

Silah zavodunda baş verən partlayışlar səngiyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-un Şirvana ezam olunmuş reportyoru Elşən Balaxanski xəbər verir ki, ilk partlayışdan iki saat keçənə qədər arabir mərmilər partlamaqda davam edib, bu isə yanğınsöndürmə işlərinin həyata keçirilməsinə maneçilik törədib.

Əməkdaşımız bildirir ki, zavod təpələrin arasında yerləşir və hazırda burada partlayaraq ətrafa səpələnmiş mərmi qəlpələri təpələrdəki ot örtüyündə yanğın törədib və bu yanğın genişlənir.

Bakıdan daha dörd təcili tibbi yardım briqadasının Şirvana ezam olunduğunu bildirin reportyorumuz əlavə edir ki, yerli təcili yardım maşınları da yaralıları xəstəxanalara daşıyıblar.

Yerli əhali təhlükəsiz bir yerdə dayanıb yanan zavoda, partlayışlara tamaşa edir. Sakinlər arasında yaralıların sayı ilə bağlı şayiə xarakterli söhbətlər gəzir. Onlar yaralıların sayının elan edildiyindən qat-qat çox olduğunu bildirirlər. Camaat təlaş içindədir. Partlayış zonasına yaxın olan evlərin sakinləri bir xeylisi şəhərin içərilərinə doğru çəkilib.

Müxbirimizin verdiyi xəbərə görə, güc strukturlarının rəhbər heyəti də Şirvana, hadisə yerinə gəlib.

Musavat.com əməkdaşı müdafiə sənayesi naziri Yavər Camalova və digər səlahiyyətli şəxslərə yaxınlaşaraq baş vermiş hadisə barədə məlumat almaq istəyib, ancaq o, məlumat verməkdən imtina edib. Reportyorumuz başqa səlahiyyətli şəxslərdən öyrənib ki, hadisə ilə bağlı istintaq-araşdırma qrupu yaradılıb.

Hazırda partlayışlar səngiyib.

Reportyorumuzun verdiyi xəbərə görə, yaralıların sayının 19 olduğu bildirilir.

Son məlumat belədir ki, istintaq-təhqiqat qrupu helikopterlə zavodun üzərindən uçuşlar edərək hadisə yerini havadan müayinə edir.

Reportyorumuz bildirir ki, zavodda çalışan Ağamir adlı sürücü itkin düşüb. Yaxınları onu yaralıların arasıda tapa bilməyiblər.

Partlayışın isə ANAMA-ya məxsus zərərəsizləşdirilməyən mərmi-sursat anbarında baş verdiyi məlum olub.

İnterpress.az