Generalın qudası tikinti qalmaqalındabackend

Generalın qudası tikinti qalmaqalında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Bakıda fəaliyyət göstərən “Evrostroy-S” tikinti şirkəti haqda mətbuatda yazılar dərc edilirdi.

Həmin yazılarda şirkətin keçmiş şərikləri arasında yaranmış əmlak mübahisəsindən bəhs olunurdu.

Əsas fiqur kimi isə Rafael Qarayevin adı çəkilirdi.

“Evrostroy-S” şirkətinin rəhbərliyinin ötən ay mətbuatda dərc olunan təkzib məktubunda R.Qarayev haqda maraqlı detallar açıqlanıb. Məsələn, həmin məktubda bildirilirdi ki, Rafael uzun illər “Evrostroy-S” şirkətinin rəhbərinin cangüdəni olub. Kik boksinq üzrə idmançı olan Rafaelə sonradan rəhbərlik etimad göstərib. Onu şirkətə şərik ediblər. Bundan sonra o, şirkətə iddia etməyə başlayıb. Dəfələrlə onunla şirkət rəhbərliyi arasında mübahisə yaranıb, amma R.Qarayev sözügedən şirkətin rəhbərindən əmlak və pul qoparmağa çalışmaqda davam edib. Tərəflərin hüquq-mühafizə orqanlarına şikayət etdikləri, lakin mübahisənin hüquqi müstəvidə həll edilmədiyi barədə də indiyədək mətbuatda yazılar dərc olunub.

Bu mövzu ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Həmin məlumatda bildirilir ki, “Evrostroy-S” şirkəti ətrafında baş verən proseslərdə pərdəarxasında qalan fiqurlar da var. Onların adları mətbuata ya heç çəkilməyib, ya da epizodik çəkilib. Bəs kimdir onlar?

Füzuli Talıbov… Bu ad oxucuya heç nə demir. Amma redaksiyamızı bilgiləndirən mənbənin iddiasına görə, Füzuli Talıbov “Evrostroy-S” şirkəti ətrafında baş verən qalmaqalın pərdəarxası “qəhrəmanıdır”. Deyilənə görə, o, tərəflər arasında söz aparıb-gətirir, bilərəkdən narazılıq yaradır. Rafael Qarayevi şirkət rəhbərliyinin üstünə qaldırır. Sonra isə özünü hər iki tərəfə yaxşı göstərmək üçün mübahisənin həllinə çalışırmış kimi göstərir.
Füzuli Talıbovun məqsədi, deyilənə görə, “Evrostroy-S” şirkətini ələ keçirməkdi. Bu prosesdə R.Qarayevin qaba gücündən və təcrübəsizliyindən, həmçinin küyə getməsindən istifadə edir.

Bəs o, bu prosesi – bir neçə cəbhədə oynamaq və lazım gələndə “vuruşmaq” gücünü hardan, kimdən alır? Bax, xoruzun quyruğu burda torbadan elə çıxır ki, onu heç cür gizlətmək mümkün olmur.

Xəbər qaynağımızın iddiasına görə, F.Talıbov həmçinin mahir kompromat ustasıdı. O, çox iri ranqlı məmurlar haqda şantaj kasetlərinə malikdir. Onun əlindəki həmin kasetlərdən birini dövlət rəhbərliyinə çatdırdığı deyilir. Mənbə Füzuli Talıbovun əlindəki kompromatın bəzi detallarını bizə açıqlayıb. Qaynağımız müəyyən dəqiqləşdirmələrdən sonra bu haqda geniş məlumatlar verəcəyini söyləyir.

Füzuli Talıbov əlində kompromat kaseti tutub

F.Talıbovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovla quda olduğu deyilir. Ona güc verən və şantaja həvəsləndirən də, deyilənə görə, məhz yüksək vəzifəli məmurla qohum olmasıdı. Ola bilsin hörmətli generalın öz qudasının əməlləri haqda bilgisi yoxdu. Biz əsla iddia etmirik ki, o, qohumu F.Talıbovun fəaliyyətinə görə cavabdehlik daşıyır. Amma nə yazıq ki, yüksək rütbəli qohumuna güvənib müxtəlif qanunsuz əməllərlə məşğul olan xeyli sayda adamlar var. Bu, az qala Azərbaycan gerçəkliyinə çevrilib. İndiyədək xeyli bu cür bədəməl sahibləri həm jurnalistlər, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ifşa olunublar. Bəzən onların bu qanunsuz əməllərindən vəzifədə olan qohumlarının xəbərinin olmadığı ortaya çıxır.

Elə məlumatı redaksiyaya verən mənbə də bunu deyir: “Ola bilsin Arzu Rəhimov qudasının ona güvənib qanunsuzluqlar etməsini bilmir. İnanırıq ki, bu yazını oxuduqdan sonra Füzuli Talıbovun gerçək siması haqda xeyli məlumat əldə edə biləcək”.

F.Talıbovun adı “Evrostroy-S” şirkətinə iyun ayının əvvəlində olunan hücumda da əsas fiqurant kimi hallanır. Deyilənə görə, şirkətə basqını o təşkil etdirib və Rafael Qarayevi də öz idmançı dostları ilə hadisə yerinə məhz F.Talıbov çağırıb.

Xatırladaq ki, həmin hadisə zamanı şirkətin yaşlı əməkdaşı döyülərək ağır xəsarətlər almışdı. “Evrostroy-S” şirkətinin vəkili Ceyhun Yusifov olaydan sonra mətbuata açıqlamasında bunları demişdi:

“Rafael Qarayev vaxtilə həmin şirkətin sahiblərindən olan Seymur İsayevin mühafizəçisi olub. Sonradan onu şirkətdən uzaqlaşdırıblar. Onun ətrafında idmançı uşaqlar var. Həmin uşaqlar Rafael Qarayevdən əvvəl ora gəliblər. Deyiblər ki, şirkətin tikdiyi 350 kvadratmetrlik bir obyekt var, həmin obyekt onlara verilməlidir.

İdmançılara məsləhət biliblər ki, tələb etdikləri obyektə sənəd təqdim etsinlər. Bundan sonra idmançılar oradan gediblər. Bir neçə saat sonra isə ora başqa adamlar gəlib, obyektə girmək istəyiblər. Lakin onların obyektə girmələrinə imkan verilməyib. Bundan sonra əraziyə Rafael Qarayev gəlib. O, obyektə girərək Bəxtiyar Təhməzovu vəhşicəsinə döyüb. Orada İlqar adlı işçi olub, o, Rafaeli sakitləşdirmək istəyib. Onu da vəhşicəsinə döyüblər.

Hər iki şəxs hazırda 1 saylı klinikanın reanimasiya şöbəsindədir, vəziyyətləri olduqca ağırdır”.(musavat)

İnterpress.az