“Rəyasət heyətinin iclası Molla Sadığın meyxana məclisinə bənzəyir”backend

“Rəyasət heyətinin iclası Molla Sadığın meyxana məclisinə bənzəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin (VK RH) qərarı ilə tanınmış vəkil və ekspert Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırılması ətrafında qalmaqallar səngimir.

Tərəflər bir-birini qanunsuz hərəkətlərdə ittiham edir, hər biri də söylədiyi fikirlərdə özünü haqlı sayır.

Azərbaycan telekanallarının ulduzuna çevrilən və bir neçə gün əvvəl vəkillik fəaliyyəti dayandırılan Şəfiqə Nağıyeva həbs edilə bilər. Buna səbəb isə, Şəfiqə Nağıyevanın vəkillik fəaliyyətinin dayandırılmasından sonra VK RH-nin sədri Azər Tağıyevi sərt ifadələrlə tənqid və ittiham etməsi olub.

Bu da kollegiya sədrini xanım vəkilə qarşı hərəkətə gətirib. Belə ki, Azər Tağıyev ayrı-ayrı zamanlarda vətəndaşların Şəfiqə Nağıyeva barəsində etdiyi şikayətlərin toplanaraq, prokurorluğa göndərilməsi barədə göstəriş verib. Qeyd edək ki, sözügedən şikayətlərdə Şəfiqə Nağıyevanın vətəndaşlardan külli miqdarda pul aldığı, lakin onlara verdiyi vədlərə əməl etmədiyi iddia olunur. Belə ki, vəkillik fəaliyyəti dayandırılan Şəfiqə Nağıyeva dələduzluqda ittiham edilir.

Məsələylə bağlı Gununsesi.info-ya telefon açan Şəfiqə Nağıyevə haqqında söylənilənləri şər və böhtan adlandırıb. O, bildirib ki, bütün bunları onun məhşurluğunu həzm edə bilməyən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Tağıyev və ətrafının yaydığı şaiyədən başqa bir şey deyil:
“Vəkillik fəliyyətimin dayandrılması haqqında qərarın ləğv edilməsiylə bağlı məhkəməyə müraciət etmişəm.

Bu gün yenə Azər Tağıyevin müavini Aydın müəllimə zəng etdim. Deyirəm ki, Aydın müəllim, xahiş edirəm, qərarın surətini mənə verin. Cavab yoxdur. Hələ də bu qərarı rəsmi şəkildə mənə təqdim etməyiblər. 8 gündür qərarın surətini ala bilmirəm ki, məhkəməyə müraciət edəm. Günü-günə sataraq, qərarın surətini verməyi uzadırlar”- deyə, o, bildirib.
Qərarın indiyədək ona təqdim edilməməsinin səbəbini isə, Ş.Nağıyeva belə izah edib.

“Onlar məni həzm edə bilmirlər. İctimai yerlərdə sadə camaatın məni salamlamasını, rəğbət göstərməsini qəbul edə bilmirlər. Qoy, Azər Tağıyev göstərsin görək, onun hansı vəkili insanlara mənim qədər kömək edib, pulsuz xidmət göstərib? Sadəcə, bu iftiralarla məni xalqın gözündən salmaq istəyirlər. Azər Tağıyevin haqqımda səsləndirdiyi fikirlərin hamısını prokurorluq yoxlayıb. Bunlar insanları tovlayıb mənim üzümə qoymaq istəyirdilər. amma alınmadı, həmin işi uddum. Kişini çağırıb tovlayaraq, haqqımda əlehimə ərizə yazdırıblar.

Prokurorluq da yoxlayıb deyib ki, şikayətiniz əsassizdir, Şəfiqə xanımın haqqında yazdıqlarınız həqiqəti əks etdirmir. Əgər haqqımda deyilənlər yoxlanılıbsa, həqiqəti əks etdirməyibsə, o zaman Azər Tağıyevin nə ixtiyarı var və hansı qanuna əsasən çıxıb telekanallara, saytlara deyir ki, guya mənim haqqımda Baş Prokurorluğa məlumat verib. Azər Tağıyev, indiyədək sən hansı vəkilin fəaliyyətini dayandırıb haqqında mətbuata informasiya vermisən? Təbii ki, heç kimi verməyib. Bu dəfəki iclasda 38 nəfərin haqqında iltizam işinə baxıblar.

Amma onlardan kimin haqqında prokurorluğa müraciət etmisiniz? Ancaq mən həmin vaxt xəstə olmuşam. Bu haqda əlimdə xəstəlik haqqında həkimin verdiyi arayış da var. Özü də mənim iclasda iştirak etməməyimə baxmayaraq, fəaliyyətimi dayandırmaq haqqında qərar vermisiniz. Zəng edib soruşuram ki, fəaliyyətimi niyə dayandırmısınız? Cavab verirlər ki, iclasa gəlmədiyin və hörmətsizlik etdiyin üçün. Mən iclasa nəyə görə gəlməliydim axı? Başqa vaxt deyirlər ki, “Belə şikayətlərə əsas yoxdur, biz pul məsələlərinə qarışmırıq. Başqa işlərlə məşğul olmuruq”. Bəs, əgər beləydisə, onda məni niyə çağırırdınız iclasa? Kollegiyanın Rəyasət Heyətinin iclasları bilirsiniz nəyə bənzəyir? “Dəli Kür” filmində bir səhnə var.

Cahandar Ağanın bacısı Şahnigar xanımı tovlayaraq, aldadıb Molla Sadığın meyxana məclisinə aparırlar. İçəri daxil onada hərəsi Şahnigara bir cür baxır, sonra qaval çalır, firlanıb sərməst olur, axırda guya cəzb olurlar ha… Bax, bizdə də Kollegiyanın Rəyasət Heyətinin iclasları da eynən elədir. Vəkilləri Rəyasət Heyətinin iclasına çağırır, sonra da başlayırlar əsəbləriylə oynamağa. Biri sənə kinayə ilə baxır, biri söz atır, o biri gülür və s. 2014-cü ildə məni də bu iclasa çağırmışdılar, o qədər istehza etdilər ki, huşumu itirdim, Təcili Yardım çağırdılar. Heç nə də eləmədilər. Yəni, elə-belə çağırmışdılar, iclasların nəticəsi yoxdur.

Hazırda qərarın surətini gözləyirəm, aldığım gün məhkəməyə müraciət edəcəm. Azər Tağıyevin rəbərlik etdiyi qururmun intizam komissiyasınnı üzvü Arif Rəsulov türməyə telefon keçirib. Görüm, niyə onun haqqında indiyədək heç bir tədbir görülməyib? Hazırda məhkum həyatı yaşayan, Rəyasət Heyətinin sabiq üzvü Kamandar Nəsibov da belə etmişdi. Eləcə də, başqa vəkillərdən torbalarla şikayət gəlir. Bəs nəyə görə, onların haqqında da tədbir görmürlər. Amma Şəfiqə Nağıyeva haqq sözünü deyəndə, Azər Tağıyev prokurorluğa, məhkəməyə şikayət verəcək? Qoy versin, nəticəsini görəcək. Gələcəyi varsa, görəcəyi də var”- deyə, o, bildirib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə Nağıyevanın fəaliyyəti 6 ay müddətinə dayandırılıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova bu haqda açıqlamasında bildirib ki, 2016-cı ilin yanvar ayından Şəfiqə Nağıyeva ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə xeyli şikayətlər daxil olub. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti də onu dəfərlərlə iclaslara dəvət edib. Lakin Şəfiqə Nağıyeva heç bir əsas göstərmədən iclaslara qatılmayıb. Həmçinin, gəlməməsi ilə bağlı izahatlar da yazmayıb. Digər tərəfdən isə o, işlədiyi hüquq məsləhətxanasında bir çox qanun pozuntularına yol verib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, onun fəaliyyəti 6 ay müddətinə dayandırılıb.

Bundan başqa, iclasda vətəndaşların şikayəti ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin araşdırma səlahiyyəti olmadığı üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib.Bunu artıq Baş Prokurorluq araşdıracaq. (gununsesi.info)

İnterpress.az