Bu sözləri iqtisadçı Qubad İbadoğlu öz şərhində bildirib. O deyib ki, 2013-14-cü illərlə müqayisədə nikahların orta aylıq sayı 43,1 faiz azalıb, boşanmalar isə 4,6 faiz artıb.
“Bu ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 25,0 min nikah və 5,2 min boşanma halları qeydə alınıb. Deməli, bu il orta hesabla ayda 5000 nikah və 1040 boşanma müqaviləsi qeydə alınıb. Ramazan və Məhərrəmlik ayı may ayından sonrakı dövrə təsadüf etdiyini nəzərə alanda il ərzində nikahların orta aylıq sayında daha çox azalma ehtimal oluna bilər.
Müqayisə üçün qeyd edək ki, 2013-2014-cü illərdə nikahların orta aylıq sayı 7156, yaxud da bu ilin son 5 ayın göstəricisindən ayda 2156 nikah və ya 43,1 faiz çox, müvafiq dövrdə boşanmaları sayı 992, yaxud ayda 48 boşanma və 4,6 faiz az olub”.
Ekspert bildirib ki, nikahların sayında kəskin azalma problemlərlə bağlıdır:
“Xüsusilə də gənclərin mənzil və iş problemlərinin, sosial-iqtisadi çətinliklərin artması əsas səbəblər sırasındadır. Bununla yanaşı, çox güman ki, boşanmaların sayındakı artım ailənin xərclərinin çoxalması, gəlirlərinin azalması və dəyərsizləşməsi səbəbindən dolanışığın pisləşməsi ilə əlaqədardır.
Düşünürəm ki, bu faktlar ölkə üzrə əhalinin təkrar istehsalının aşağı düşməsinə gətirib çıxaracaq, bir sözlə əhalinin sayının artım tempinə mənfi təsir göstərərək. Bu tendensiya uzun müddətli dövrdə belə davam edərsə, Azərbaycan əhalisinin sayı növbəti on illiklərdə azala da bilər”. (modern)
Interpress.az