\”Bu fakt bir daha sübut edir ki, onların vaxtilə birgə həyata keçirdiyi layihələr qərəzli olub”
Sosial şəbəkələrdə jurnalist Xədicə İsmayılova ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mühacirətdə yaşayan direktoru Emin Hüseynov arasında söz deyişməsi yaşanır.
Tərəflər bir-birini suçlamaqda xəsislik etmir. Belə ki, Xədicə İsmayılova Emin Hüseynovu Qərbdə oturub insan hüquqları məsələləri üzrə alver etməklə pul qazanmaqda ittiham edib.
X.İsmayılovanın sözlərinə görə, Emin Hüseynov beynəlxalq təşkilatlara yerli hüquq müdafiəçilərinin Azərbaycanda demokratiya və insan hüquqlarının qorunması və inkişafı üçün ayrılan pulların qrantlar vasitəsilə yuyulması barədə \”donos”lar yazıb. E.Hüseynov da borclu qalmayıb. Bildirib ki, Azərbaycanın bəzi hüquq müdafiəçiləri Bakıda RATİ-nin ofisində axtarış aparılarkən və sonradan ofis bağlanarkən sevinirlərmiş: \”Mən eşitdim ki, onlar RATİ-nin ofisinin bağlanmasına sevinirlər və fikirləşirlər ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsini inhisara alacaqlar”.
Müxalifət düşərgəsinin və vətəndaş cəmiyyətinin iki nümayəndəsi arasındakı bu mübahisə bir daha göstərir ki, özlərini liberal müxalifət və hüquq müdafiəçisi hesab edənlər insan hüquqları sahəsini gəlirli biznesə çeviriblər.
İndi beynəlxalq təşkilatların liberal azərbaycanlı icmasının hərəkətlərindən məyus olduğu və dəstək verməkdən imtina etdiyi bir vaxtda özlərini, necə deyərlər, hüquq müdafiəçisi adlandıranlar arasında qalan qrantlar uğrunda şiddətli mübarizə başlayıb.
Vəziyyətin niyə belə hal alması ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəllinin sözlərinə görə, bu məsələdə təəccüblü nəsə görmür:
\”Çünki həmin adamları birləşdirən heç bir ortaq dəyər, ideologiya olmayıb. Bu adamlar sadəcə müəyyən dövlətlərin ayırdığı qrantlar hesabına maliyyələşirdi. Həmin qrantların da təyinatı və məqsədi hamımıza məlum idi. Mənim özüm də, bir jurnalist kimi, vaxtilə qısa müddət həbsdə olmuşam. Sual edirəm: Emin Hüseynov məni niyə müdafiə etmirdi? Çünki mənim onun qrant aldığı dairələrlə heç bir yaxınlığım olmayıb.
Xədicə İsmayıl həbsdən sonra, görünür, adamları düzgün analiz etməyə başlayıb. Emin Hüseynovu xüsusi təyyarə ilə Bakıdan aparırlarsa, hansısa səfirlik bir neçə ay onu öz ərazisində gizlədirsə, deməli, bu qaranlıq adamdır. Bu fakt bir daha sübut edir ki, onların vaxtilə birgə həyata keçirdiyi layihələr qərəzli olub”.(azinforum.az)
İnterpress.az