Artıq neçə ildir ki, Azərbaycanda yerli özünüidarə orqanları kimi bələdiyyələr fəaliyyət göstərir.
Yaradılması və tətbqində əsas məqsəd kimi ərazidə yaşayan əhalinin bütün ictimai sosial-məişət problemlərinin həllini nəzərdə tutan bu qurumlar təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərir.
Seçkili orqan olduqları halda İH-dən bu qədər güclü asılılıq ilk nəzərdə qəribə görünsə də, son nəticədə rayon rəhbərliyinin xeyir-duası olmadan bələdiyyə sədri seçilməyin özü də çox müşkül işdir. Amma bu, məsələnin bizim üçün az maraqlı tərəfidir. Əsas odur ki, bu qurumlar öz funksiyalarını effektiv şəkildə icra etsinlər. Lakin bu baxımdan da hələ ki, böyük çatışmazlıqların olması göz qabağındadır.
Bir çox qəsəbə və kəndlərdə bələdiyyələrin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumların mövcudluğu yalnız növbəti seçki dövründə müşahidə olunur.
Bu kimi hallar fəaliyyətsizlik və yaxud qeyri-effektiv fəaliyyət kimi qiymətləndirilr.
Təbii ki, bələdiyyələr yaradılanda əhali bu qurumlardan tam fərqli nəticələr gözləyirdi. Digər tərəfdən isə bu yerli özüniidarəetmə qurumlarına sırf şəxsi mənafeləri baximından yanaşmalar da az deyil. Bəzən hər hansısa bir bələdiyyə rəisi ərazidə təmir bərpa işlərinin, abadlaşdırmanın aparılması, sosial-məişət problemlərinin həlli üçün lazımi vəsaitin olmadığından şikayətlənir.
Eyni zamanda həmin məmur elə sakinlərin gözü qarşısındaca gündən-günə varlanır, ev, avtomobil, villa sahibinə çevrilir. Redaksiyamıza daxil olan məlumatlarda Bakının Binəqədi rayonu Xocasən bələdiyyəsinin də yarıtmaz fəalıiyyətindən şikayətlər öz əksini tapmaqdadır.
Məlumatlarda xüsusən bələdiyyənin sədri Anar Abbasovun həyata keçirdyi torpaq maxinasiyaları haqda iddialar irəli sürülür. Bildirilir ki, yerli sakinlər pay torpaqların alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri almağı heç bir problemlə müşayət olunmur.
Təbii ki, tələb olunan məbləği ödəmək şərti ilə. Qeyd etmək lazımdır ki, analojı problem əksər qəsəbə və kənd bələdiyyələrində mövcuddur. Həm də bu prosseslər elə bir xüsusi sxem üzrə həyata keçirilir ki, ilk baxışda qanun pozuntularının müəyyən etmək də çətin olur.
Amma bəzən bu məmurların pula olan hərisliyi onların aşkar qanun pozuntuları törətmələrinə də səbəb olur. Belə ki, bizimdovr.az-a daxil olan məlumatlarda da Xocasən bələdiyyəsinin sədri Anar Abbasovun imzası ilə eyni torpaq sahələrinin iki və daha çox şəxsə satılması kimi halların dəfələlə baş verdiyi iddia olunur. Mənbənin deməyinə görə, sonradan yaranan anlaşılmazlıqlar həmin torpaqlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlar üçün həlli müşkülə düşmüş müxtəlif problemlərə səbəb olmuşdur.
Aldığımız digər bir açıqlamada isə vurğulanır ki, Anar Abbasov ümumiyyətlə fəaliyyət dairəsini son dərəcə məhdudlaşdıraraq, yalnız ərazi torpaqlarının satışı ilə məşğul olmaqla kifayətlənir. Lakin Anar müəllimin bu növ fəaliyyəti də müəyyən problemlərsiz ötüşmür.
Ən pisi də budur ki, həmin bu problemlər ilk növbədə ətraf ərazilərdə yaşayan insanların narahatlıqlarına səbəb olur. Bəzi sakinlərin təqdim etdikləri şikayət ərizələrindən belə məlum olur ki, Anar Abbasov bələdiyyə torpaqlarını tamamən satıb qurtardıqdan sonra, indi də dövlət fonduna aid olan əraziləri “hərraca” çıxarmağa başlayıb…
Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq. (bizimdovraz )
İnterpress.az