3 yaşlı qızını öldürən Qeyrətə 14 il həbs…backend

3 yaşlı qızını öldürən Qeyrətə 14 il həbs…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Qeyrət Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qeyrət Süleymanov 6 mart 2013-cü il tarixdən qeyri-rəsmi nikah münasibətində olmaqla faktiki ər-arvad kimi birgə yaşadığı Ruhiyyə Mahmudovanı 2013-cü il may ayının 7-də yaşadıqları evdə döyüb. Bu səbəbdən Ruhiyyə Mahmudova 2013-cü il may ayının 8-də, saat 16 radələrində əvvəlki nikahdan olan azyaşlı qızı, 2010-cu il təvəllüdlü Mələk Mahmudovanı evdə qoyub və Kürdəmir rayon polis şöbəsinə gedərək Qeyrət Süleymanovun barəsində şikayət edib.

Q.Süleymanov Ruhiyyənin barəsində polisə şikayət etdiyini bilib və mobil telefonla onunla danışaraq evə qayıtmasını tələb edib. Sonuncu dəfə 9 may 2013-cü il tarixdə, saat 02.36-da Ruhiyyə Mahmudova ilə telefonla danışan Qeyrət Süleymanov qızının onun yanında olduğunu xatırladaraq, tezliklə evə qayıtmayacağı və ərizəsini geri götürməyəcəyi təqdirdə onu uşağı öldürəcəyi ilə hədələyib. Bundan sonra Qeyrət Süleymanov Ruhiyyə Mahmudovanın qayıtmadığını görüb və həmin gün gecə saat 03 radələrində Mələk Mahmudovanı öldürmək qərarına gəlib.

Qeyrət Süleymanov azyaşlı qıza şillə, yumruq və təpik zərbələri vurub. Daha sonra o, azyaşlı qızı boğaraq öldürüb. Qeyrət Süleymanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb. “Narkotikin vaxtı keçəndə…” Cinayət işi üzrə ibtidai istintaqa ifadə verən Qeyrət Süleymanov törətdiyi cinayət əməlini qismən etiraf edib.

O bildirib ki, əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunub: “5 mart 2013-cü ildə həbsdən azad olunmuşam. Narkotik vasitə olan heroini gün ərzində bir neçə dəfə damarıma iynə ilə vurmaqla qəbul edirəm, narkomaniyadan əziyyət çəkirəm. Narkotikin vaxtı keçən zaman bədənimdə güclü ağrılar hiss edirəm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2010-cu ildən Ruhiyyə Mahmudovanı tanıyıb və münasibətləri olub: “6 mart 2013-cüil tarixdə saat 23 radələrində Ruhiyyə Mahmudova maşından düşərək mənimlə görüşdü və məni axtardığını bildirdi. Ruhiyyə Mahmudova mənimlə birlikdə yaşayıb, azyaşlı qızı Mələk Mahmudovanı da evimə gətirdi”.

“Təpiklə, yumruqla onu döydüm”

Qeyrət Süleymanov bildirib ki, mayın 7-də, saat 21 radələrində evə qayıdarkən Mələyin bikef olduğunu görüb və nə olduğunu soruşub: “Mələk tam danışa bilməsə də, başı ilə anasını işarə etdiyindən, Ruhiyyənin Mələyi döydüyünü bildim. Ruhiyyədən nə baş verdiyini soruşdum. O, Mələyin paltarını nəcislə buladığı üçün onu döydüyünü dedi. Ruhiyyəni şillə və yumruqla üzünə, sinəsinə, təpiklə vuraraq döydüm. Aramızda yaranmış bu münaqişəyə baxmayaraq həmin gecə bir yerdə qaldıq. Səhəri gün saat 14-15 radələrində yuxudan ayılarkən Ruhiyyənin evdən getdiyini, Mələyin yanımda olduğunu və yuxudan ayıldığını gördüm. Axtarsam da Ruhiyyəni tapa bilmədim. Ruhiyyənin qardaşı arvadı Əfşana zəng vurdum və Ruhiyyənin harada olduğunu soruşdum. Əfşan Ruhiyyənin polis şöbəsinə gedərək barəmdə şikayət etdiyini dedi”.

“Yalvararaq uşağı öldürməməyimi istədi”

Qeyrət Süleymanovun sözlərinə görə, bir qədər sonra Ruhiyyə ona zəng vurub: “Ruhiyyədən nə üçün polis şöbəsinə şikayət etdiyini soruşdum. Ruhiyyə onu döydüyümə görə şikayət etdiyini dedi. Ruhiyyədən təcili olaraq evə qayıtmağını tələb etdim. Sonuncu dəfə Ruhiyyə ilə mayın 9-da, gecə saat 01 radələrində danışdım ona “iki saat yarım vaxtın var. Saat 3-ə qədər sənə vaxt verirəm, əgər gəlməsən, səni harada tapsam başını kəsəcəyəm, uşağı da öldürəcəm”, – deyə bildirdim. Ruhiyyə isə yalvararaq uşağı öldürməməyimi istədi, səhər tezdən yanıma qayıdacağını, sonra polis şöbəsinə gedərək ərizəsini geri götürəcəyini bildirdi”.

“Mələyi öldürüb…”

Təqsirləndirilən şəxs bildirib ki, həmin vaxt narkotik maddə qəbul etmək istəsə də, tapa bilmədiyi üçün bədənində ağrılar başlayıb: “Özümü idarə edə bilmədim. Ruhiyyə ilə danışandan sonra əsəblərimi cilovlamağı bacarmadım. Mələyin paltarını nəcislə bulaşdırması və ağlaması məni daha da hirsləndirdiyindən, həmçinin narkotik maddə tapa bilmədiyim üçün bədənimdə olan ağrılara görə əsəblərimi cilovlaya bilməyərək Mələyin üzünə şillə,yumruqla bir neçə zərbə vurdum. Zərbənin təsirindən yerə yıxıldıqdan sonra isə qarnına bir-iki yumruq zərbəsi vurdum. Həmin vaxt çox əsəbi vəziyyətdə olduğumdan,ola bilsin ki, Mələk ağlayan zaman onun boğazından sıxıb itələmişəm.

Mələk zərbənin təsirindən yerə yıxılıb, yıxılan zaman başı divara və döşəməyə dəyib. Yerə yıxıldıqdan sonra isə qarnına yumruqla bir neçə zərbə vurmuşam. Həmin vaxt onun ağzından qan gəldiyi üçün salfetlə ağzını sildim, sonra isə nəcisə bulaşdığı üçün bədənini yuyaraq əyninə şalvar geyindirdim və çarpayının üstünə qoydum. Bir qədər sonra isə onun tamamilə hərəkətsiz qaldığını gördüm və artıq öldüyünü başa düşdüm. Onu döşəmə üzərindəki odyalın üstünə qoyaraq çarpayıya uzatdım. Səhəri gün saat 12-13 radələrində yuxudan oyandım. Mələyin meyitini paltarları yığılan iri çantaya qoydum, sonra isə Ruhiyyənin qardaşı arvadı Əfşana zəng vuraraq Mələyi öldürüb, meyitini evdə qoyduğumu bildirdim”.

Qeyrət Süleymanov sonrakı ifadələrində isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, mayın 7-də narkotik maddə tapmaq üçün evdən çıxıb: “Lakin pulum olmadığından narkotik vasitə tapa bilməmişəm. Buna görə də evə qayıtmışam. Mələyi döydüyü üçün Ruhiyyəni şillə və yumruqla bədəninin müxtəlif nahiyələrinə, o cümlədən qoluna və qıçına vuraraq döymüşəm. Bundan bir-iki saat sonra Ruhiyyə və Mələk bir çarpayıda yatdı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, səhəri gün, saat 14-15 radələrində yuxudan ayılarkən Ruhiyyənin evdə olmadığını, ancaq Mələyin onun yanında çarpayıda uzandığını görüb: “Dəhlizə çıxaraq hamam və ayaqyolunun yanında açarları asdığım yerə baxdıqda açarları tapma bilmədim. Ruhiyyənin hamamda olduğunu düşündüm. Hamama baxdıqda orada da olmadığını gördüm. Mələyi yuxudan oyatmaq istədim, lakin onun oyanmadığı gördüm və onun öldüyünü bildim. Onun meyitini götürərək yataq otağından çöl tərəfdəki şifoner olan otağın döşəməsinin üstündə ədyalın üzərinə qoydum və üstünə hamam dəsmalını sərdim. Ruhiyyənin telefonu olmadığından onun qardaşı arvadı Əfşana zəng vurdum və Ruhiyyənin harada olduğunu soruşdum. Əfşan dedi ki, Ruhiyyə polis şöbəsinə gedərək məndən şikayət edib”.

“Əmimin evində…”

Daha sonra Qeyrət Süleymanov ifadəsində Ruhiyyədən polis şöbəsinə şikayətini geri götürməsi barədə danışıqlar aparmasından söz açıb. O, qeyd edib ki, danışdıqları zamanı Ruhiyyəyə dolayı yolla uşağın öldüyünü bilməsini xatırladıb və təcili olaraq evə qayıtmasını istəyib: “Ruhiyyəni çağırmaqda məqsədim onun evə qayıtması,uşağın ölümü ilə bağlı bir qərara gəlməmiz olub. Sonuncu dəfə axşam saatlarında Ruhiyyə ilə danışarkən onun evə qayıtmağını tələb etdim. O, səhər tezdən qayıdacağını, sonra polis şöbəsinə gedərək ərizəsini geri götürəcəyini dedi”.

Qeyrət Süleymanov qeyd edib ki, səhəri gün yuxudan oyanandan Ruhiyyənin gəlmədiyini görüb və Əfşana zəng edərək uşağın öldüyünü deyib: “Evdən çıxandan sonra anamın və qardaşımın polis əməkdaşları tərəfindən aparıldığını bilmişəm. Rəis müavininə zəng vuraraq könüllü polis şöbəsinə gələcəyimi dedim. Ondan anamın və qardaşımın buraxmalarını xahiş etdim. Həmin vaxt rayon ərazisindən kənarda olmuşam. Bir qədər istirahət etmək üçün əmimin evinə gedərək dincəlmək istəmişəm, orada polis əməkdaşları tərəfindən saxlanılmışam”.

Eyni zamanda Qeyrət Süleymanov daha sonra bunları qeyd edib: “Bu cinayəti törətməmişəm. Buna görə də barəmdə ədalətli qərar qəbul edilməsini xahiş edirəm”. “Dəfələrlə azyaşlı qızımı və məni döyüb” Cinayət işi üzrə şahid qismində ifadə verən Ruhiyyə Mahmudova bildirib ki, Qeyrət Süleymanovu əvvəldən tanıyıb: “Qeyrət həbsdən çıxandan sonra onunla görüşərək, bir-birimizlə hal-əhval tutmuşuq və bir yerdə qeyri rəsmi ər-arvad kimi yaşamışıq. Qeyrət mütəmadi olaraq narkotik maddə qəbul edib, narkotik olmayanda güclü ağrılar çəkib.

Qeyrət Süleymanovla yaşadığım ilk vaxtlarda qızım Mələk anamın yanında qalıb. Lakin bir müddət sonra anamla danışaraq Mələyi də özyanıma apardım. Qeyrət dəfələrlə azyaşlı qızımı və məni döyüb”.

Ruhiyyə Mahmudovanın sözlərinə görə, mayın 7-də, saat 22 radələrində paltarını batırdığı üçün Qeyrət yenə də Mələyin belinə yumruqla zərbələr vurub: “Mələk zərbələrin təsirindən və ya qorxudan xalçanı da batırdı. Qeyrət saçımdan tutaraq yuxarı dartaraq “sənə deməmişəm ki,uşağını başa sal, bayıra gedəndə desin? Ya sizi adam edəcəm, ya da heyvan”, – deyə bildirdi. Bundan sonra Qeyrət məni də döyməyə başladı, sonra isə üstündə göyərti doğranan taxtanı götürərək qollarıma və qıçlarıma vurmağa başladı”.

“Polisə şikayət etmək qərarına gəldim”

Ruhiyyə Mahmudova bildirib ki, həmin gecə Mələk və Qeyrətlə birlikdə yataq otağında eyni çarpayıda yatıb: “Səhəri gün, saat 16 radələrində Qeyrətin yatdığını görərək evdən qaçdım. Qeyrət barəsində şikayət etməyi, sonra da polislərlə birlikdə gələrək uşağı götürməyi qərara aldım. Qardaşım arvadı Əfşanı çağıraraq evdə baş verənləri ona danışdım. Sonra anam ilə birlikdə polis şöbəsinə getdim. Qeyrətin məni və Mələyi döydüyünü, Mələyin onun yanındaqaldığını bildirdim”.

“Hədələdi ki, uşağı öldürəcəm”

Ruhiyyə Mahmudova qeyd edib ki, saat 20 radələrində Qeyrət Əfşana zəng vurub: “Bu vasitə ilə Qeyrət təcili evə qayıtmağımı tələb etdi. Təxminən bir saat keçmiş anam ilə birlikdə Mələyi Qeyrətin evindən götürmək üçün yenidən polis şöbəsinə getdik. Təhqiqatçı Eldəniz Həsənova uşaqdan narahat olduğumu dedim. Eldəniz Həsənov Qeyrətin evinə gedərək qapısını döydüklərini, lakin açan olmadığını bildirdi. Axşam Mələklə maraqlanmaq üçün Qeyrətin telefon nömrəsinə zəng vurdum. Qeyrət təcili gedərək şikayətimi geri götürüb və evə qayıtmağımı tələb istədi. Gecə saat bir radələrində yenə Əfşanın telefonu ilə Qeyrətlə danışdım. Bu zaman Qeyrət məni Mələklə danışdırdı. Sonra məni hədələyərək “sənə saat yarım vaxt verirəm, şikayətini geri götürməsən və evə qayıtmasan uşağını öldürəcəm”, – deyə bildirdi”.

“Mələk telefonda “mama…” dedi”

Ruhiyyə Mahmudova bildirib ki, Mələkdən narahat olduğu üçün Qeyrətdən Mələyi soruşub: “Qeyrət yenə də məni Mələklə danışdırdı. Mələk telefonda “mama, gəl”dedi. Qeyrətə yalvararaq səhər saat 8-də onun yanına qayıdacağımı, sonra polis şöbəsinə gedərək ərizəmi geri götürəcəyimi dedim”.

Ruhiyyə Mahmudovanın sözlərinə görə, mayın 9-da, səhər saatlarında anası ilə yenidən polis şöbəsinə gedib: “Orada yenə Mələkdən narahat olduğumu dedim. Təhqiqatçı Eldəniz Həsənov Qeyrətin telefonuna zəng vursa da o, zəngə cavab vermədi. Bundan sonra evə qayıdaraq polis əməkdaşlarının bu işə biganə yanaşdığını gördüyüm üçün Əfşanın telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat verdim”.

“Mələyin meyitini çantanın içindən tapdılar”

Öldürülən azyaşlının anası bildirib ki, polis şöbəsində olarkən Eldəniz Həsənov Qeyrətin başqa telefon nömrəsinin olması ilə maraqlanıb: “Qeyrətin başqa telefon nömrəsini öyrənmək üçün evə gəldim. Küçədə Əfşanla rastlaşdım. Əfşan bildirdi ki, Qeyrət ona zəng vuraraq Mələyi öldürüb və paltarlar yığılan çantanın içərisinə qoyub. Bundan sonra qaçaraq yenidən polis şöbəsinə getdim. Bunları polislərə danışdım. Sonra polis əməkdaşları gedərək evə baxdılar. Mələyin meyitini çantanın içərisindən tapdılar. Qızımın meyiti tapıldıqdan sonra evə getdim. Evin arxa tərəfində dayandım. Bu zaman Qeyrət Əfşanın telefonuna zəng vurdu.

Danışarkən Qeyrət mənə dedi ki, azyaşlı qızının meyitini götürdün, səni görürəm, gəlib səni də öldürərəm”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qeyrət Süleymanov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qeyrət Süleymanov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini və ədalətli hökm qəbul edilməsini xahiş edib.

Qeyrət Süleymanovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Qeyrət Süleymanovun apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Qeyrət Süleymanov Ali Məhkəməyə kasasiya şikayəti verib. Bu günlərdə Ali Məhkəmədə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə Qeyrət Süleymanovun kasasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunub.(publika.az)

İnterpress.az