Bunu MBA Qrup konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, bu il daşınmaz əmlak bazarında qiymətlərin ciddi dəyişikliyi üçün zəmin yoxdur: “Lakin 2017-ci ildə bu sahədə həyata keçirilən tədbirlər nəticəsində müsbət dəyişikliklər gözləmək lazımdır. Xüsusilə ucuz mənzil seqmentində, daşınmaz əmlakın dəyərinə müsbət təsir göstərəcək sosial mənzil tikintisini nəzərdə tuturam”. Ekspertin fikrincə, 2016-ci ildə sosial mənzil tikintisi ilə bağlı hazırlıq işləri aparılacaq: “Bazarın monitorinqi aparılacaq, belə mənzillərin alınması, şərait və sair izah ediləcək, tikintinin özü isə bilavasitə gələn ilin əvvəlində başlayacaq”.
Daşınmaz əmlak bazarında mövcud vəziyyətə gəlincə, MBA Qrupun başçısının sözlərinə görə, iyun ayında daşınmaz əmlakın dəyəri may ayı ilə müqayisədə orta hesabla 1,95 faiz azalıb: “Ən çox azalma əvvəlki aylarda olduğu kimi, kommersiya obyektləri bazarında – 4,55 faiz müşahidə olunub. Mənzillərin qiyməti ilkin bazarda 1,1 faiz , təkrar bazarda isə 2,72 faiz azalıb”.
Ekspert yay fəslinin də qiymətələrə təsir göstərdiyini deyib: “Ənənəvi olaraq yay aylarında mənzil ucuzlaşır, çünki bu dövr \”ölmüş mövsüm\” sayılır. Belə ki, iyunda aktivlik 1,7 faiz azalıb. Daşınmaz əmlakın qiymətinin artması adətən martdan iyunadək, eləcə də payızda baş verir”. (trend)
İnterpress.az