Ünvanlı sosial yardım ləğv olunurbackend

Ünvanlı sosial yardım ləğv olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir vaxtlar aztəminatlı insanların güzəranının yaxşılaşması üçün nəzərdə tutulmuş ünvanlı sosial yardımın erası artıq başa çatmaqdadır. 10 il fəaliyyət göstərən bu layihənin ləğv olunacağı bildirilir. Ölkədə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib. Bu yardımın verilməsində əsas məqsəd az təminatlı ailələrin maddi şəraitinin yaxşılaşdırılmasıdır. Ünvanlı sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında qanun qəbul edilir. Hazırda ehtiyac meyarı 105 AZN məbləğində müəyyən olunub. Bu o deməkdir ki, ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri olduqda aradakı fərq qədər ünvanlı sosial yardım təyin olunur və bir il müddətinə nəzərdə tutulur.

Bu günlərdə ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının nəticələrinə və qarşıya qoyulmuş vəzifələrə dair iclasında insanlara ünvanlı sosial yardımın verilməsi ilə bağlı məsələyə toxunub.

Ölkə başçısı bildirib ki, artıq ünvanlı sosial yardımdan imtina etməyin vaxtıdır: “Biz ünvanlı sosial yardımla bağlı layihəni aztəminatlı insanların şəraitinin yaxşılaşması üçün nəzərdə tutmuşuq. Hazırda 200 min ailə ünvanlı sosial yardım alır. Amma ünvanlı sosial yardım insanlarda asılılıq yaradır və bu gələcəkdə daha da təhlükəli ola bilər. Bunun üçün biz o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər Prezident hımçinin onu da qeyd edib ki, gələcəkdə dövlət aztəminatlı ailələrin dəstəktəklənməsi üçün ünvanlı yardımın formalarına dəyişiklik edə bilər. Bu səbəbdən aztəminatlı ailələrə öz biznesini yaratmaq üçün dəstək veriləcək. Bununla da ünvanlı sosial yardımdan asılılıq aradan qaldırılacaq.

Yeni layihə ünvanlı sosial yardımla əvəzlənəcək…

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsisinin sədr müavini Vahid Əhmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu məsələdə söhbət ünvanlı sosial yardımın ləğvindən getmir: “Məşğulluq məsələsi həll olunmayan insanlara ünvanlı sosial yardım yenə də veriləcək. Amma indi pilot layihələr həyata keçirilir. Artıq iki rayonda bu layihələrə start verilib və 11 rayonda da həyata keçməlidir. Gələcəkdə də bu layihə əgər uğurlu olsa, davam etdiriləcək. Burada məsələ ondan ibarətdir ki, prezident özünün ehtiyat fondundan 6 milyon manat vəsait ayırıb ki, bu pilot layihə vasitəsilə insanlara iş yerləri təşkil olunur. Təmin edilən iş yerləri ilə insanlara bildirilir ki, bu sahədə işləyib özünü dolandırmalısan. Hərənin maraq göstərdiyi sahə üzrə işlərə cəlb olunması nəzərdə tutulur. Çoxdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu layihəsi var və həyata keçirilir. Bu proses ələbaxımlılığın aradan götürülməsi üçün nəzərdə tutulub. Mən bu layihəni çox müsbət hesab edirəm. Bir var ki, ələbaxımlılıq olsun, camaat işləmək istəməsin və rahat olsun ki, dövlətdən yardım alacaq. Bir də var ki, insana ömürlük iş yeri və onunla məşğul olması üçün şərait yaradır. Bu çox mütərəqqi addımdır və Azərbaycan üçün müsbət nəticəsini verəcək”. İqtisadçının sözlərinə görə, ünvanlı sosial yardım yeni start veriləcək pilot layihə ilə əvəzlənəcək: “Birdən birə pilot layihəyə keçid olmayacaq, yəni buna zaman-zaman gediləcək. 3-5 il ərzində buna gedəcək olan insanlara həmin layihə üzrə şərait yaradılacaq. Əgər bu layihəyə gedənlər arasında artım olsa və uğurlu davam etsə həmin insan ünvanlı sosial yardımdan çıxarılacaq”.

Qeyd edək ki, bir vaxtlar ünvanlı sosial yardım insanların öz biznesini qurmaq üçün fəaliyyəti mexanizmi kimi nəzərdə tutulmuşdu. Nazirlər Kabinetində də bu məsələyə baxılanda qeyd olunmuşdu ki, sosial yardım alan şəxs həmin pulla biznes qurmalı və daimi olaraq bununla öz ailəsini təmin etməlidir. 150 manat biznesin karına gəlmədi…

Maraqlıdır, ümumiyyətlə bu illər ərzində ünvanlı sosial yardımdan faydalananlar arasında hər hansı bir insan öz biznes fəaliyyətini qura bildimi?

Ünvanlı sosial yardım ləğv olunur…

Millət vəkili bu məsələyə də toxunub. O qeyd edib ki, ünvanlı sosial yardım insanların biznesinin qurulması üçün nəzərdə tutulmayıb: “Bu layihə ona görə nəzərdə tutulmuşdu ki, iş yerlərinin sayı azalmışdı insanların sosial vəziyyətinin yaxşılaşması üçün onlar yardım ala bilsin. O elə böyük məbləğ deyil ki, onunla biznes imkanı qurmaq mümkün olsun. O çox çətindir. Yəni 150, 180 manatla hər hansı biznes qurmaq çox çətindir. Bu əsas ailənin dolanması üçün verilən yardımdır. Bu dövlət başçısı tərəfindən atılan bir addım idi və biz də qanuni şəkildə bunu təsdiq etdik. Pilot layihələrin necə icra olunmasına baxacağıq. Mənə elə gəlir ki, bu çox müsbət addımdır. Ailə əgər iş qura bilirsə, heç nəyə ehtiyacı olmayacaqsa, ələbaxımlı olmayacaq. İşləyəcək, qazanacaq və ailəsini də təmin edəcək. Bu layihə artıq Göyçayda və daha iki rayonda həyata keçirilib”. (moderator.az)

İnterpress.az