Musavat.com-un əməkdaşları 6 yaşlı Ramilə Abdulxalıqovanın ölümünün təfərrüatlarını öyrənmək üçün hadisənin baş verdiyi ünvana yollanıblar. Qətli törədən şəxsi 10 ildən artıq tanıyan və hadisənin təfərrüatları barədə məlumatlı olan qonşular dəhşətli qətllə bağlı bir çox məlumatlar veriblər.
6 yaşlı R.Abdulxalıqovanın ölümü ilə bağlı yayılan ilk məlumatda qeyd edilir ki, onun meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva hadisənin baş vermə səbəbi kimi avtomobil qəzasını göstərib.
Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, uşaq avtomobil vurması nəticəsində yox, döyülərək, bədən xəsarətləri yetirilərək qətlə yetirilib.
Ananın etirafından sonra hadisəni törədən Elnur Hacıyev tutulub. E.Hacıyev ilk ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı da yayılan məlumatlar arasındadır.
Əvvəlcə onu bildirək ki, hadisə iyulun 29-da gecə saatlarında E.Hacıyevin Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində baş verib.
Əldə etdiyimiz məlumata görə, 35 yaşlı E.Hacıyev rəsmi nikahda olduğu həyat yoldaşından təxminən 7-8 ay əvvəl boşanıb. İki övladı olan Elnur boşandıqdan sonra hadisə baş verən ünvanda qız övladlarından biri ilə yaşamağa başlayıb. Bir müddət sonra isə qətlə yetirilən 6 yaşlı Ramilə və anası Samirə Narıyeva da bu mənzilə köçüb.
Qonşular deyir ki, ana və övladı bu mənzilə köçdükdən sonra Elnur onları kirayəşin kimi təqdim edib.
“Samirə də həyat yoldaşından boşanıb. Onun 6 yaşlı Ramilə və bir də 9 yaşlı oğlan övladı var idi. Oğlan atası ilə qalırdı. Samirənin “Sahil” metrostansiyasının yaxınlığında mənzili var idi. Elə o mənzili də satıb, pulunu Elnura xərcləyib. Samirə kafelərdə işləyirdi. Nə işlədiyini, necə pul qazandığını deyə bilmərəm. Amma uşağına baxırdı, elə evin xərclərini də o ödəyirdi” – deyə ilk həmsöhbətimiz olan qonşu deyir.
E.Hacıyevin mənzilinin qapısını dəfələrlə döysək də açan olmadı. Lakin evdə kiminsə olduğu məlum idi. Həyətdə yanan işıqlar, pəncərədəki pərdə arxasından bizə kiminsə boylandığını görməyimiz belə deməyə əsas verir.
Qonşuların əksəriyyəti ya hadisənin şokundan, ya da nədənsə ehtiyat etdiklərindən qapıları üzümüzə açmadı. Verilən cavab isə belə idi: “Bizim xəbərimiz yoxdur. Elə bir hadisə eşitməmişik”.
Qonşuların bu cavabı təəccüblü idi. Ona görə ki, yaşadıqları məhəllədə üç gün əvvəl baş verən dəhşətli qətldən necə xəbərdar olmamaq olar?
Mənzilin yerləşdiyi məhəllədə yalnız fərdi yaşayış evləri olduğundan küçədə nadir halda sakin görmək mümkün olurdu. Ayaq saxlayan qonşuların bəziləri isə hadisə barədə məlumatlı olduqlarını deyərək, qətlin baş verdiyi mənzili bizə göstərməklə kifayətləndilər.
Elnuru 10 ildən çoxdur ki, tanıyan və adının açıqlanmasını istəməyən qonşu əvvəlcə sakinlərin nədən bu qədər susqun olmasının səbəbini danışır. O, deyir ki, Elnur içki aludəçisi olan şəxs olub. Elnur məhəllədə qonşularla səbəbsiz yerə mübahisə edən, dava-dalaşa meyilli insan kimi tanınıb. Bu səbəbdən də onun qonşularla münasibətləri yaxşı olmayıb və onun bu xasiyyəti indi də qonşuları danışmamağa vadar edir.
“Elnur hadisəni törədərkən içkili olub. Uşağı əvvəllər də döyürdü”
“Elnur içəndə özündə olmurdu. Ya evdə dava salardı, ya da məhəllədə kimi görsə, ona söz atardı. 10 ildən çoxdur ki, bu məhəllədə yaşayır. Həyat yoldaşı da bu səbəbdən ayrıldı. İkinci sinifdə oxuyan qızı Elnurla qalırdı. Samirənin də 6 yaşlı qızı burada yaşayırdı. Elnur hadisəni törədərkən içkili olub. Uşağı əvvəllər də döyürdü. Elnurun anası Almaz xanım da burada yaşayır. İndi evdə olmalıdır. Ancaq sizə qapını açan deyil” – deyə qonşu bildirdi.
Hadisənin necə baş verməsi haqda danışan qonuşlar deyir ki, iyulun 29-da gecə saat 12-də hadisə baş verib. İyulun 30-da Samirə Narıyeva polis əməkdaşları ilə birlikdə mənzilə gəlib. Daha sonra isə hadisə yerinə rayon prokurorluğunun da əməkdaşları gəlib. Elnur elə yaşadığı mənzildə saxlanılıb, o, əməlini etiraf edib və polis idarəsinə aparılıb.
“Uşağı öldürüb, basdırıblar”
Qonşulardan biri hadisənin üstünün mətbuatda yazıldığı kimi açılmadığını deyir. Onun iddiasına görə, Elnur və Samirə hadisədən sonra uşağın meyitini basdıraraq, cinayət əməlini törətməyə çalışıblar. Lakin işin üstü bu zaman açılıb.
Samirə Narıyeva əslən Şəkinin Kiş kəndindəndir. Elnur Hacıyev isə Şamaxı rayonunda anadan olub. Elnurun anası da həyat yoldaşından boşanıb. O, rayonda yaşasa da arabir oğlunun evinə gəlirmiş. Məhəllə sakinləri Samirə Narıyevanın qohumlarından heç kimi tanımadıqlarını, evə gələn kimisə görmədikərini deyirlər.
Qonşuların sözlərinə görə, Elnur Hacıyev heç bir yerdə işləməyib və gündəlik içki pulunu da Samirə Narıyevadan alırmış: “Elnurun əvvəllər məhkumluq həyatı yaşadığını yazırlar. Amma 10 ildir ki, onu tanıyırıq. Həbsxanada olmayıb. Amma bir neçə dəfə xuliqanlıq əməli törədib. Onu da pul verib “yoluna” qoyublar. Həmin pulları da Samirə evini sataraq ödəyib. Elnur qonşulara deyirdi ki, Samirə onun evində kirayəşin yaşayır. Ancaq hamı bilirdi ki, onlar arasında münasibət var idi. Uşağın boğularaq öldürüldüyü deyilir. Başqa qonşular da deyir ki, başından xəsarət alıb. Amma dəqiq olan budur ki, hadisə evdə olub”.
Qətlə yetirilən uşağın anası da saxlanılıb
Əldə etdiyimiz digər məlumata görə, hazırda qətlə yetirilən uşağın anası Samirə Narıyeva da saxlanılıb. O, ilkin ifadəsində polis əməkdaşlarını aldatmağa cəhd edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
İnterpress.az