Mərhum İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə materiallar bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Bu barədə M.Hüseynovanın vəkili Vasif Mirzəyev danışıb.
Vəkil qeyd edib ki, materialların göndərilməsi ötən həftə nəzərdə tutulsa da müəyyən səbəblərdən proses bugünlərdə həyata keçiriləcək. V. Mirzəyevin sözlərinə görə, məhkəmə işə ədalətli yanaşıb obyektiv qərar qəbul edərsə, müvəkkili tezliklə azadlığa çıxa bilər: “Onun azadlığa buraxılması ilə bağlı vəsatət qaldıracağıq. Bu adamın əməlində cinayət tərkibli iş yoxdur. Bütün sübutlar yalnız kimlərinsə, o cümlədən Orxan Nadirov, Vüqar Bəkirov və Zəminə adlı qadının ifadələrindən ibarətdir.
Onlar əvvəldən oyun oynayıblar. Hamısı istəyib ki, İlhamə xanımın var-dövlətini ələ keçirsinlər. Mehriban xanımı da aldadıblar, sonradan görüblər ki, onları İlhamə xanıma sata bilər, planın üstünü açıb İlhaməyə deyiblər və işi bu yerə qədər gətirib çıxarıblar.
İlhamə Quliyeva da xəstə adam olub və gedib şikayət edib, cinayət işi başlayıb. Amma cinayət işində Mehriban Hüseynovanın əleyhinə, onun təqsirli olduğuna heç bir sübut yoxdur. Sübutlar yalnız söz yığnağından ibarətdir. Cinayət işi 4 cilddən ibarətdir. Onun da bir cildində yalnız İlhamə xanımın xəstəliyi ilə bağlı olan məsələlər yer alır. Məlumdur ki, o adam xəstə olub və xəstəlik ucbatından dünyasını dəyişib. Yəni ona hər hansı bir dərman içizdirilməsi sübuta yetirilməyib”.
Vəkil həmçinin qeyd edib ki, müvəkkili Mehriban Hüseynovada ciddi əsəb pozğunluqları yaranıb: “Əsəbləri çox pis, hədsiz dərəcədə pozulub. Ədalətsizlik onu həddindən artıq stressə salıb, mənəvi baxımdan vəziyyəti çox pis haldadır… Əgər məhkəmə obyektiv qərar verməsə, Avropa Məhkəməsinə qədər gedəcəyik”.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.(musavat)
İnterpress.az