İnterpress.az-ın verdiyi xəbərə görə, bu gün Bakı Appelyasiya Məhkəməsində şair Saday Şəkərlinin cəzasını yarıbayarı azaldıb 5 ilə endiriblər.
Bu barədə xəbəri onun yaxın dostu, jurnalist Zöhrab Əmirxanlı sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, iyulun 20-də Bakı Apellyasiya Məhkəməsində dövlət ittihamçısı Hafiz Nəsibov bu təkliflə çıxış edib. Prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin şairlə bağlı hökmünün dəyişdirilərək CM-nin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə – külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə irəli sürülmüş ittihamın 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə – zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif edilməsini, bu maddənin də sanksiyasına uyğun cəzalandırılmasını istəyib.
Məhkəmə iclasında Saday Şəkərlinin vəkillərindən Fəxrəddin Mehdiyev məhkəmənin nəzərinə çatdırıb ki, o, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır və durumu da ağırdır. Vəkil müəssisə rəhbərliyinin bu barədə məktubunu da növbəti iclasda məhkəməyə təqdim edəcəyini bildirib: \”«Saday Şəkərli əvvəldən də şəkər və sinir xəstəliyindən əziyyət çəkirdi. Həbsdən sonra vəziyyəti lap pisləşdi. Günahsız olduğu halda, həbs olunması, oradakı şərait səhhətinə mənfi təsir göstərib\”.
İnterpress.az