Həbsdə olan satirik şairə imkansızlıqdan vəkil tutulmayıb-VİDEObackend

Həbsdə olan satirik şairə imkansızlıqdan vəkil tutulmayıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evin təmiri yarımçıq qalıb. Bu ev yaxınlıqda olan digər yaşayış evlərindən fərqlənir. Xarici görkəmindən kasıb bir ailəyə məxsus olduğu aydın görünür. Dar pilləkənlə yuxarı qalxırıq. Tofiq Həsənlinin anası Zərifə Cəlalova və xəstə bacısı eyvanda idilər. Burda da kasıbçılığın əlamətləri müşahidə olunur.

«PUL YIĞILSA, VƏKİL TUTARIQ»

Tofiq Həsənlinin adının çəkilməsini istəməyən yaxın qohumu bildirir ki, vəkil tutmağa belə pulları yoxdur: «Lənkəranda elan vermişik. Kimin imkanı varsa, kömək etsin. Pul yığılsa, vəkil tutarıq. Vəkil olsa, bəlkə Tofiqi qurtara bildik. Amma camaat da kasıbdır».

Zərifə Cəlalova oğlunun narkotiklə məşğul olmadığını, ona şər atıldığını deyir. O, göz yaşlarını saxlaya bilmir. Özünü toplayır, suallarımıza cavab verməyə hazır olduğunu bildirir.

«BALAM NAHAQ TUTULUB»

84 yaşlı Zərifə Cəlalova deyir ki, Tofiq Həsənli narkotik satışı ilə məşğul olsaydı, evləri bu vəziyyətdə olmazdı, bir qarın çörəyə möhtac qalmazdılar: «Balamı nahaq tutublar. Tutublar eybi yoxdur, amma boynuna ki, narkotiki qoyublar, onun xəbəri yoxdur. Allah xətrinə, narkotiki onun boynundan götürsünlər. Allahı tanıyırsınızsa, şərdən əl çəksinlər. Belə zülm yerdə qalmaz. Mənim balam Kərbəla ziyarətində olub. Mənim balam müqəddəsləri ziyarət edib. O narkotik adını balamın üstündən götürün, xahiş edirəm. Qoy mənim balam ləkəli tutulmasın».

«ONA DEYİRDİM, YAZMA, SƏNİ TUTARLAR»

Anası deyir ki, Tofiq Həsənli satirik şerlərinə görə həbs olunacağını qabaqcadan bilirdi. Lakin narkotik adı ilə həbs ediləcəyini ağlına belə gətirmirdi: «O, şeirlərindən ehtiyat edirdi. Deyirdi ki, bu şerlərə görə məni tutacaqlar. Mən də ona deyirdim ki, «yazma, səni tutarlar. Görürsən dərəbəylikdir. Hərə öz başını güclə dolandırır, yazma». Balamı şerlərinə görə tutublar. Balam öz qələmi ilə özü üçün quyu qazıb. İkinci sinifdə oxuyandan şer yazır. Allah vergisi ona verilib. Allah da onu müdafiə edəcək. Haqq istəyirəm. Allah dadımıza çatar».

«O, TUTULANDAN SONRA QIZIMLA TƏK QALMIŞIQ, QORXURUQ»

Zərifə Cəlalova deyir ki, ailəni Tofiq Həsənli dolandırırdı. Qazandığını evə sərf edirdi: «Satıcı işləyirdi. Evdən çıxanda deyirdim ki, ay bala, təndir çörəyi al, hökumət çörəyini yeyə bilmirəm. İki kilo un alırdı. Olmayanda, təsəlli verirdim, bir təhər keçinirdik. Deyirdim, camaat necə, biz də elə. O bizi saxlayırdı. O, tutulandan sonra qızımla tək qalmışıq, qorxuruq».

«İMKANSIZLIQDAN İNDİYƏ KİMİ TOFİQİ EVLƏNDİRƏ BİLMƏMİŞƏM»

Zərifə Cəlalova deyir ki, heç yerə müraciət etməyib. Yalnız sosial şəbəkələrdə çıxış edib, oğlunun haqsız yerə həbs olunduğunu deyib. Vəkil tutmağa da pulu yoxdur: «Pul gərək ola ki, vəkil tutam. Pul haradandır? Allahdır onun vəkili. Lənkəranlılara kömək üçün müraciət etmişəm. Tofiq hərbi xidməti ön cəbhədə keçirdi. Onun 46 yaşı var. İmkansızlıqdan indiyə kimi Tofiqi evləndirə bilməmişəm. Deyirlər ki, onu tutduran bir poqonludur. Onun anası varmı?».

Tofiq Həsənlinin iş otağında hər şey olduğu kimi qalır. «Yollara dağılan sözüm» şer kitabı da masanın üstündədir. Anası Zərifə Cəlalova deyir ki, hər dəfə əyləşdiyi yeri boş görəndə göz yaşlarını saxlaya bilmir. Lakin bir gün ədalətin qələbə çalacağına inanır.

İSTİNTAQ BAŞA ÇATIB

Satirik şar Tofiq Həsənli ötən ilin oktyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə təqsirli bilinir. Söhbət narkotikdən istifadə və satışından gedir.

Tofiq Həsənlinin ailəsi və dostları onun narkotikdən istifadə etməsi və ya satması haqda deyilənləri təkzib edir. Ancaq rəsmi qurumlar ayrı fikirdədir.

Hələ Tofiq Həsənlinin həbsindən az sonra Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Azadlıq Radiosuna bunları demişdi: «Necə narkotikdən istifadə etməyib? 10 il bundan qabaq narkotikdən istifadəyə görə 2 il yarım azadlıqdan məhrum edilib. İndi isə bu adam satışa görə saxlanılıb. Üzərindən də külli miqdarda tiryək çıxıb».

Tofiq Həsənlinin istintaqı artıq başa çatıb. İş Lənkəran məhkəməsinə verilib. Avqustun 11-də hazırlıq iclası olacaq.(azadliq.org)

İnterpress.azhttps://youtube.com/watch?v=kXVovbV98UY