SOCAR prezidenti Rövnəq Abdullayev Ankarada keçirilən Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edəndən sonra Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyində nazir Berat Albayrakla görüşüb.
Sputnik-in məlumatına görə, görüşdə nazir SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələrin gedişi və Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə maraqlanıb.
SOCAR-ın investisiya layihələrinin qrafikə uyğun şəkildə icra olunduğu, Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələrin işlərin gedişinə mane olmadığı və bütün layihələrin əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirildiyi bildirilib.
SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə də TANAP və STAR layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən Albayrak, bu layihələrin hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Görüşdə 15 iyul hadisələrindən sonra Türkiyədə bir sıra şirkətlərdə, o cümlədən, PETKİM-də dövlət orqanları tərəfindən aparılan bəzi tədbirlərlə bağlı məsələlərə də toxunulub. Bunun SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, yalnız Türkiyədəki son hadisələrdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyi vurğulanıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak SOCAR-ın Türkiyədə ən iri investorlardan biri olduğunu, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən tam dəstəkləndiyini bir daha nəzərə çatdırıb.
Görüşdə Türkiyədə SOCAR-ın fəaliyyətinin genişləndirilməsi üçün yeni investisiya perspektivlərinin bır sıra aspektləri də müzakirə olunub.
Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən yaxın adamı və kürəkənidir. 15 iyulda baş verən çevriliş cəhdindən sonra SOCAR-ın Türkiyədəki fəaliyyətləri ilə bağlı müxtəlif spekulyasiyalar meydana çıxmışdı. Hətta \”SOCAR Turkey Energy\”nin pay ortağı olan \”PETKİM\”də bir sıra həbslər və axtarışlar həyata keçirilmişdi.
Azərbaycan və Türkiyənin bir sıra KİV-ləri isə SOCAR rəhbərliyinin FETÖ lideri Fətullah Gülənlə yaxın əlaqələri olduğunu iddia edirdi.
İnterpress.az