Razi Nurullayev  də Rauf Arifoğluna dəstək verdi..backend

Razi Nurullayev də Rauf Arifoğluna dəstək verdi..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az R. Nurullayevin fikirlərin təqdim edir.

“Arif Hacılı və Rauf Arifoğlu davasına seyrçi qala bilmədim. Bəlkə də siyasətçi üçün nala-mıxa vurmaq moddur deyə, elə başımı bir təhər girələyə bilərdim. İstəmədim. Mövqe sərgiləmək, həqiqəti demək və haqsızlığa uğrayanı müdafiə etmək elə əsl siyasətçinin işidir. Mən Rauf Arifoğlunun yanında olduğumu, onu müdafiə etdiyimi bəyan edirəm. Hörmətli Arif Hacılının isə çox böyük haqsızlıq etdiyini, Rauf Arifoglu-ya qarşı kinli və küsurətli davrandığını deyirəm.
Birmənalı olaraq inanmışam və inanıram. Yeni Müsavat qəzeti olmasaydı, Müsavat partiyası da indiki qədər tarixi yol keçə bilməzdi. Hörmətli İsa Qəmbərin xarizmasının, ağırbatmanlığının və div səbrinin nə qədər rolu olubsa, Yeni Müsavat qəzetinin də rolu bir o qədər, ya da daha çox olub. Çünki, İsa Qəmbərin də vuran qolu, danışan dili və ən böyük təbliğatçısı Yeni Müsavat qəzeti olub.

Hər zaman bu fikirdə olmuşam, Rauf Arifoğluna qarşı Əli Kərimli ilə bir yerdə olanda da fikrimi dəyişməmişəm, dəyişdirməyə də heç kimin gücü çatmayıb. Çünki, Rauf Arifoğlunun ölüm təhlükəsi ilə üz-üzə Norveç səfiri Steinar Gilin evinə sığındığının, həbslərdə yatdığının və heç zaman yolundan dönmədiyinin şahidi olmuşam. Yeni Müsavat qəzeti Azərbaycanın canlı tarixi olub. Qatarı tək çəkib, bu qatarın sükanında isə Rauf Arifoğlu olub. Xoşumuz gəldi-gəlmədi paxıllığa nə rəvac. Bu həqiqətdir.
Digər yandan bu gün Rauf Arifoğlu mövqeyində radikallığı atıbsa, siyasətini mətbuata qurban veribsə, İlham Əliyevin əlindən mükafat alıbsa, bunun birbaşa günahkarı elə Arif Hacılı siz və sizin nəsil siyasətçilər deyilmisiniz? Neçə ildir siyasətdəsiniz, hanı nəticəniz? Əli Kərimliyə sevgi izhar etməklə, onu tanımaqla iş bitmir, heç o vecinə də almadı. Dediniz ki, haqqın yanındasınız. Haqq Əli Kərimlidirsə, gedin onun müavini olun. Müsavatı nə günə salmısınız? Öldürüb diri-diri basdırmısınız. Hakimiyyətə gələydiniz, yeni era quraydınız, mükafatı da siz paylayaydınız. Amma, siz indi intriqa, dedi-qodu, fəlakət və haqsızlıq dağarcığı paylayırsınız. Düşdüyünüz duruma təəssüf edirəm…

Qubad Ibadoğlu ilə bağlı da fikirlərimi heç zaman aydın ifadə etməmişdim. Geciksəm də, eybi yox. Həqiqəti görmək heç vaxt gecikmiş sayılmaz. Qubad bəy, mübarizəsində haqlı olub. Bəlkə, bu gün başkan o olsaydı, Müsavat bu duruma düşməzdi. Müsavat partiyasının Azərbaycan siyasətində dostu yoxdur. Arif Hacılı onu hamı ilə düşmən edib. Sonuncu nöqtəni Rauf Arifoğluna çamur ataraq qoydu. Çox təəssüf edirəm və əminəm ki, Əli Kərimli ilə bərabər, həm də Arif Hacılı siyasətdən geri çəkilsə, udan xalq olar. Getməyə cəsarət etməsələr də, göndəriləcəklər”.

İnterpress.az