Əvvəlcə Azərbaycan Respublikasının Dəniz Administrasiyasının “Haqqınsesi.com” saytı barədə şikayəti araşdırılıb. Komissiya rəyə gəlib ki, həmin kütləvi informasiya vasitəsinin narazılıq doğuran yazını ordan götürməsi müsbət haldır. Lakin bu materialda administrasiya rəhbərliyi əsassız olaraq cinayət əməlində suçlandırılsa da, sayt qarşı tərəfdən üzr istəməyib, onun mövqeyinin öyrənilməsinə və təqdim olunmasına cəhd göstərməyib. Komissiya məsələyə belə məsuliyyətsiz yanaşmanın, həmçinin həmin KİV-in “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq rekvizitləri göstərməməsini, orada yayımlanan materialların əksəriyyətində etik pozuntulara yol verilməsini “reket jurnalistika”ya xas cəhətlər kimi dəyərləndirib. Bütün bunlar əsas götürülərək “Haqqın səsi” saytına Mətbuat Şurasının ciddi xəbərdarlığının edilməsi, məsələnin MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında da müzakirə olunması məqsədə müvafiq sayılıb.
Komissiya “Dünyaxeber.com” saytı barədə də eyni ölçünü götürüb. Bildirilib ki, bu KİV-in Bakı şəhər 275 saylı orta məktəb barədə yayımladığı yazıda “reket jurnalistika”ya xas dəst-xətt aydın nəzərə çarpır. Saytın təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva barədə yayımladığı fikirlərdə qərəz, sifariş icrası diqqəti çəkməkdədir. Bu materiallardakı onlarla qrammatik, orfoqrafik səhvlər isə “Dünyaxeber.com”da jurnalistikaya aid olmayan insanların çalışdığını göstərməkdədir. Komissiya rəyə gəlib ki, sayt Arzu Əliyevadan üzr istəməli, təkzib verməli, şikayət doğuran fikirləri yazıdan götürməli, eyni zamanda özünün gələcək fəaliyyətinin davam etdirməsinin nə dərəcədə məntiqə uyğunluğunu nəzərdən keçirməlidir.
\”Anaxeber.az” saytı ilə bağlı məsələnin də həmin komissiyada baxılması barədə razılığa gəlinib. İclasda vurğulanıb ki, bu KİV-in Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov barədə yayımladığı materialda “Azərbaycan Jurnalistikanın Peşə Davranış Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələbləri pozulub. Qeyd edilib ki, Mətbuat Şurasının qərarının çıxarılmasında MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının da rəyinə istinad olunmalıdır.
İclasda “Discoveri Azerbaycan” jurnalının əməkdaşı Aida Eyvazovanın və “Femida.az” saytının müxbiri Mircəlal Məcidovun “Aztehsil.com” saytının plagiata yol verməsi barədə müraciətlərinin müzakirəsində cavabdeh tərəfin hər iki jurnalistin müəlliflik hüququnu pozduğunu müəyyənləşdirilib. Belə ki, sayt onların vətənpərvərlik mövzusunda yazdığı publisistik materialların bir qismini nöqtəsinə, vergülünə toxunmadan əməkdaşı Leyla Həsənovanın imzası ilə yayımlayıb. Komissiya plagiat faktını ciddi irad kimi “Aztehsil.com” un rəhbərliyinin nəzərinə çatdırıb. Sayta yazıların hər iki müəllifindən üzr istənilməsi, təkzib verilməsi, həmin nümunələrin oradan götürülməsi tövsiyə olunub.
İnterpress.az