Son günlər Azərbaycanda qida zəhərlənmələrinin sayı durmadan artır. Bir çoxları zəhərlənmənin bazarlarda satılan qarpız məhsullarının tərkibində nitrat və pestisid qalıqlarının normadan artıq olması ilə əlaqələndirirlər. Doğrudanmı, qarpızın tərkibindəki bu maddələr normadan artıqdır?
İnterpress.az saytının sorğusunu cavablandıran Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktor vəzifələrini icra edən Rəşad Vahabzadə bildirib ki, Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi Azərbaycanda açıq bostan şəraitində yetişdirilən kənd təsərrüfatı məhsulları üzərində kimyəvi və toksikoloji müayinələri aparılır: “Bir neçə gün əvvəl analitik sistem cihazları vasitəsilə həyata keçirilən laborator müayinələr zamanı qarpızlarda nitratların miqdarının 15-20 mq\\kq arasında olduğu məlum olub. Halbuki, qarpızlarda nitratların norması 60 mq\\kq–dır”.
Hazırda bazarda satılan qarpızların keyfiyyəti ilə bağlı məlumat verən Rəşad Vahabzadə qeyd edib ki, RTKNM ölkənin topdan və parakəndə satış məntəqələrində stasionar laboratoriya şəraitində müayinələr də aparır: “Bu zaman qarpız məhsulunun üzvi tərkibi araşdırılır, məhsullarda ağır metalların normal miqdarı müəyyən olunur. Əgər məhsullarda nitrat və pestisidlərin miqdarı normadan artıq olarsa, o zaman satışdan çıxarılaraq məhv edilir. Ancaq diqqətinizə çatdıraq ki, mövsüm başlayandan bu günə qədər aparılan müayinələr nəticəsində 3677 kiloqram qarpız yararsız olduğu üçün satışdan çıxarılaraq məhv edilib”.
RTKNM–nin direktor əvəzi əlavə edib ki, qarpız məhsulları üzərində aparılan laborator müayinələr avqust ayın ilk günlərində də davam etdirilib: “Bu müayinələr zamanı qarpız məhsulunun üzvi tərkibi araşdırılıb və toksiki birləşmələr, nitrat və pestisid qalıqları yol verilən həddən artıq olmayıb. Bu da onu göstərir ki, hazırda qarpızlarla bağlı narahatçılığın yaranmasına heç bir əsas yoxdur”.
DFNX rəsmisi sonda diqqətə çatdırıb ki, əzik, catlamış, çürüməyə məruz qalmış məhsullar aldıqda və istifadə etdikdə, yaxud soyuducuda uzun müddət saxlanıldıqda, mütləq orqanizmdə qida zəhərlənməsi baş verir: “Əgər düzgün temperatura riayət olunmaqla, məhsul soyuduca saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün hec bir təhlükə yarana bilməz. Eyni zamanda, isti yay günlərində qızmar günəş altında saxlanılan və istehlakçılara satılan məhsullardan istifadə zamanı da qida zəhərlənməsi baş verə bilər. Buna görə də, istehlakçılara xüsusi şəraitdə saxlanılan, örtülü yerlərdə saxlanılan məhsulları almağı və istifadə etməyi məsləhət görürük”.
Gülşanə Mustafayeva
İnterpress.az