Şuranın dəstəyilə tarixi vətənlərinə köç etmək istəyən Axısxa Türkləri maarifləndiriləcək. Ahıska Türkləri “Vətən” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə \”Ahıska Türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” adlı layihəsinin icrasına start verib.
Bu barədə interpress.az-a layihə rəhbəri İbrahim Məmmədov məlumat verib. İbrahim Məmmədov qeyd edib ki, 4 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Azərbaycanda Ahıskalı Türklərin toplum halda yaşadıqları Saatlı-Sabirabad-Beyləqan, Gəncə-Qazax-Ağstafa, Quba-Xaçmaz-Şabran və Bakı şəhərində yaşayan Ahıska Türklərinin iştirakı ilə silsilə tədbirlər həyata keçiriləcək.
Keçiriləcək tədbirlərdə əsas müzakirə mövzusu Ahıska Türklərinin tarixi vətənlərinə köç prosesində maarifləndirmə işinin təşkili olacaq.
İbrahim Məmmədov onu da bildirib ki, layihə çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində tarixi vətənlərinə köç etmək istəyən Ahıska Türkləri köç prosesi ilə əlaqədar güncəl məlumatlar alacaq və köç prosesinin necə həyata keçiriləcəyi barədə düzgün istiqamət seçmə imkanı qazanacaqlar. Bununla da tarixi vətənlərinə köç edəcək olan axısxalılar bir millət iki dövlət şüarını rəhbər tutaraq ikili münasibətləri daima inkişaf etdirən Azərbaycan-Türkiyə və həmçinin Azərbaycan-Gürcistan əlaqələrinə töhfə verməyi hədəfləyir. Layihə rəhbəri qeyd edib ki, layihə müddəti ərzində maarifləndirmə işinin təşkili ilə əlaqədar 24 müxtəlif yazı hazırlanacaq və bu yazılar mediada işıqlandırılacaq. Layihə çərçivəsində hazırlanacaq yazıların azərbaycan dilində işıqlandırılması nəzərdə tutulurdusa da təşkilat öz daxili imkanlarından istifadə edərək yazıların ingilis və türk dillərinə də tərcümə edilməsini təmin edəcək. Bunun nəticəsində Ahıska Türklərinin tarixi vətənlərinə köç prosesi haqqında yeni məlumatlar xarici ölkələrin KİV-lərində işıqlandırılmış olacaq.
İnterpress.az