QAT mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq forumun təmsilçiləri Akif Nağı, Mətanət Əsgərqızı, Sultan Əzimzadə, Mehriban Abdullayeva, Tahirə Məmmədova, Cəsarət Hüseynzadə, Şərqiyyə Dadaşova və digərləri çıxış edərək saxta erməni təbliğatının ifşa olunması, baş vermiş hadisənin həqiqi mahiyyəti ilə bağlı fikirlərini bildiriblər. Sonda iclas iştirakçılarının qəbul etdikləri bəyanatda göstərilir: İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəxalq Forumun Azərbaycan təmsilçiliyi dünya birliyinin diqqətini bir daha ermənilərin qondarma “soyqırım”a dair əsassız iddialarına cəlb edir. Ermənilər növbəti dəfə heç bir əsası olmayan iddialarla çıxış edir, heç nədən hay-küy salmağa, dünyanın diqqətini özlərinə yönəltməyə çalışırlar. Ermənilərin bu yalan və saxta iddialardan ibarət təbliğat kampaniyasına birdəfəlik son qoyulmalıdır. Türkiyə rəhbərliyi dəfələrlə arxivlərin açılması, beynəlxalq səviyyədə faktların obyektiv şəkildə araşdırılması, bunun üçün komissiyanın yaradılması təklifi ilə çıxış edib. Lakin erməni tərəfi həqiqətin ortaya çıxacağını bildiyinə görə bu təkliflərlə razılaşmayıb. Bu gün hər kəs, o cümlədən, ermənilərin özləri üçün də aydındır ki, 1915-ci ildə heç bir “soyqırım” aktı törədilməyib, Türkiyənin o vaxtkı rəhbərliyinin qərarı ilə erməni əhalisi ölkənin bir hissəsindən digərinə köçürülüb. Bu köçürülmənin də əsas səbəbkarı ermənilər, onların silahlı dəstələrinin törətdikləri cinayətlər olub. Həmin dövrün ingilis, fransız, rus mənbələri də təsdiq edirlər ki, Rusiya hökumətinin dəstəyi ilə yaradılan erməni silahlı dəstələri dinc əhaliyə qarşı kütləvi qırğınlar törətmiş, yüzminlərlə türkü, kürdü və digər Türkiyə vətəndaşlarını vəhşiliklə, xüsusi qəddarlıqla qətlə yetiriblər. Yalnız bu faciəli hadisələrdən sonra dinc sakinlərin, həmçinin dövlətin təhlükəsizliyinin təmin olunması üçün erməni əhalisinin köçürülməsi ilə bağlı qərar qəbul olunub. Köçürülmə zamanı obyektiv şəraitlə bağlı müəyyən sayda insan təlafatı baş verib. Buna görə yalnız təəssüf etdiyimizi bildirir, gərək belə olmayaydı deyirik. Amma bu hadisələrin süni şəkildə şişirdilməsi, siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir. Ermənilər öz həyatlarını və siyasətlərini iki əsas yalan üzərində qurmaqla özlərini də bədbəxt ediblər. Bu yalanlardan biri “Böyük Ermənistan” xülyası, digəri isə qondarma “erməni soyqırımı” iddialarıdır. Onlar bu iki yalanın girovuna çevrilmiş, özlərini qapalı çevrəyə məhkum etmiş və çıxış yolunu da tapa bilmirlər.
Biz hesab edirik ki, dünya birliyi, beynəlxalq təşkilatlar bu erməni yalanlarına və Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunması praktikasına birdəfəlik “son” deməli, saxta erməni təbliğatına rəvac verməməlidir. Ermənilər özləri azərbaycanlılara qarşı 1918-1920-ci illərdə, 1988-1994-cü illərdə soyqırımı törətmiş, Xocalı, Meşələr, Quşçu, Qaradağlı, Ağdaban və digər yerlərdə dinc əhalini kütləvi şəkildə qətlə yetiriblər və buna görə dünya birliyi qarşısında cavab verməlidirlər. Ermənilər bu faktların qarşısında ən azından susmalı, saxta təbliğat kampaniyasına, qapılarda ağlamaq, yalvarmaq praktikasına son qoymalı, abırsızlıq və həyasızlıqdan əl çəkib, heç olmasa, abırlı-həyalı görünməyə çalışmalıdırlar.
İnterpress.az