Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovla gündəmdəki ən müxtəlif məsələlərdən danışdıq. Əvvəlcə son zamanlar parlamentin foyesində az-az görünməsi haqda soruşdum:
– Siyavuş bəy, deyəsən, komitə sədri olandan parlamentə giriş-çıxış qapısını dəyişmisiniz. Əvvəllər foyedə görüşüb suallarımıza cavab almaq imkanımız olurdu, son günlər sizi görə bilmirik…
– Yox. Mən elə əvvəldən o qapıdan gedib-gəlirdim (gülür). Amma fərqi yoxdur, mən bu tərəfdən də çıxıram, o tərəfdən də. Çox vaxt olur ki, binada qalıram, Məclisdən sonra komitənin işləri, şöbələrlə iş və s. digər məsələlərlə əlaqədar gec çıxıram, ona görə rastlaşa bilmirik. Yoxsa ayrı səbəb yoxdur.
– Sizin komitə sədri olmağınızı nəzərə alıb bir məsələyə münasibət bildirməyinizi xahiş edirəm. Mingəçevirdəki Heydər məscidinin axundu Hacı Ələmdar deyib ki, “Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin”. Bu fikrə münasibətiniz necədir?
– Tamamilə səhv düşüncə tərzidir. Nə Quranda, nə başqa yerdə belə qayda yoxdur. Şəriətdə belə bir məsələ var ki, əgər kimsə həyat yoldaşını hərtərəfli təmin edə bilirsə, onda razılıq əsasında digəri ilə də evlənə bilər. Amma Azərbaycanda bu məsələlər qəti şəkildə qadağandır. Biz dünyəvi dövlətik. O baxımdan “Dini etiqad azadlığı haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunları qəbul edəndə də bir məsələni xüsusi vurğulamışdıq ki, xaricdə təhsil alıb gələnlər ordakı yaşam, düşüncə tərzini, adət-ənənələri də özü ilə gətirir. Gənc yaşlarında kimsə gedir başqa ölkəyə, 6-8 il orda yaşayır, oranın qanunları əsasında fəaliyyət göstərir, təhsillə yanaşı, ordakı adətlər də ona sirayət edir. Həmin şəxs də çalışır qayıtdıqdan sonra öyrədə biləcəyi təhsil, oxuyacağı ayinlərlə yanaşı, həmin adət tərzini, yaşam tərzini burdakı cəmiyyətə yeritsin. O baxımdan da biz qanuna belə bir düzəliş etdik ki, xaricdə təhsil alıb Azərbaycana qayıdan şəxslər Qafqaz Müsəlmanları İdarəsi ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən də razılaşdırıldıqdan sonra müxtəlif dini ayinləri həyata keçirməsi üçün təyin oluna bilər. Əgər dediyiniz şəxs bu cür düşüncə tərzinə malikdirsə, onu nə ictimaiyyət arasına, nə də məscidə moizə oxumağa buraxmaq olmaz. Təbii ki, müvafiq attestasiya keçirilməlidir və yəqin onunla bağlı müvafiq ölçü götürüləcək.
– Parlamentin son iclasında valyutadəyişmə məntəqələri ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bəzi etirazlarınızı ifadə etdiniz. Maraqlısı budur ki, bu sektorun fəaliyyətini yasaq edən qanun bir il sonra dəyişdirildi. Sizcə, eyni tərkib niyə bu cür davranır?
– Təbii ki, biz bu məsələni keçmişdə də mütəmadi olaraq qaldırmışdıq. Bilirsiniz ki, bununla əlaqədar həm parlamentin qanunvericiliyi ilə, həm də cənab prezidentin sərəncamı ilə Maliyyə Nəzarəti Palatası yaradılıb. Artıq valyutadəyişmə məntəqələri, qiymətli kağızlar, digər bu kimi məsələlər məhz həmin qurumun nəzarəti altında həyata keçəcək. Vaxtilə bankların nəzdində olan valyutadəyişmə məntəqələlərinin bağlanması və yalnız bir neçə yerdə saxlanılması təbii ki, vətəndaşlara, o cümlədən bu fəaliyyətlə məşğul olan şəxslərə xeyli ziyan vurdu və “qara bazar”ın meydana çıxmasına şərait yaratdı. Bunun nəticəsi olaraq təxminən 2 minə yaxın valyutadəşimə məntəqəsi bağlandı və 8 minə yaxın insan ailə üzvləri ilə bir yerdə gəlirdən məhrum oldular. Bu məntəqələrin yenidən, lisenziya əsasında açılması ən düzgün mexanizmdir ki, biz qəbul etdik. İstənilən valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxs artıq bankdan asılı vəziyyətdə olmayacaq. Keçmişdə bunlar bankın filialı kimi fəaliyyət göstərirdi, oradan gələn gəlirlərin əksəriyyəti də bankın xeyrinə yönəlirdi. İndi isə istənilən Azərbaycan vətəndaşı, fiziki və hüquqi şəxs lisenziyanı, lazımi sənədləri təqdim etməklə valyutadəyişmə məntəqəsi aça bilər.
– Amma digər bir qanun, məsələn, Rəqabət Məcəlləsi 11 ildir ki “səddi aşa bilmir”, qəbul olunmur. Bunun səbəbi nədir?
– Rəqabətlə əlaqədar qanun layihəsi də artıq Milli Məclisə təqdim olunur, müzakirəyə çıxarılıb qəbul olunacaq. Hər bir qanunu vaxtından qabaq da qəbul etmək olmaz, çox gecikdirmək də.
– Mərhum Əbülfəz Elçibəyin fikrini xatırlatdınız… Bu yaxınlarda siz də Elçibəy haqqında maraqlı fikirlər söyləmişdiniz, onu yüksək qiymətləndirmişdiniz. Amma bunun ardınca Nemət Pənahlı mətbuata açıqlamasında Elçibəyin KQB ilə əlaqədə olduğunu iddia etdi. Belə iddialara münasibətiniz necədir?
– Bu məsələlərlə bağlı bütün dövrlərdə fikirlər səslənib. 70-ci illərdə sovet hökumətinə qarşı mübarizə aparan Elçibəyin ərizəsini mətbuata təqdim edib və s. Təbii ki, orada nə yazılmasından asılı olmayaraq, həyat kimin kimliyini, kimin dəyişməzliyini, kimin kim olduğunu sübuta yetirdi. Mən hesab edirəm ki, o məsələləri qaldırmağa heç bir ehtiyac yoxdur. Mən bir məsələni qeyd etmək istəyirəm ki, Azərbaycanda bu ənənəyə son qoymaq lazımdır. Müəyyən adamlar var ki, gündəmdə qalmaqdan, yada düşməkdən ötrü müxtəlif məsələlər ortaya atırlar. Vaxtilə elə həmin Nemət Pənahlının haqqında deyirdilər ki, KQB agenti olduğuna görə onu “Azadlıq” meydanına çıxarıblar. Təbii ki, mən nə onun dedikləri ilə, nə də ona qarşı deyilənlərin heç biri ilə razılaşmıram. Çünki mənim əlimdə konkret faktlar yoxdur. Bir də görürsən kimsə düşür ortaya, başlayır Şah İsmayıl haqqında, yaxud Məhəmməd Əmin Rəsulzadə haqqında iddialar səsləndirməyə. İndi mən ümummilli liderimizi demirəm. Bilmək lazımdır ki, Şah İsmayıl Xətai, Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının nailiyyətləri, yetişdirdiyi böyük şəxsiyyətlərdir. Bu cür insanlar haqqında fikir söyləyən hər bir şəxsin əlində kifayət qədər faktı olmalıdır və belələri cəmiyyət tərəfindən kifayət qədər qəbulolunan və hörmət edilən şəxslər olmalıdır, həmçinin dediklərini əsaslandırmalıdır.
– Bu günlərdə 28 aprel işğalı, sovetlər ittifaqı barədə xoş sözlər deyənlər oldu. Hətta bəziləri 28 aprelin işğal günü olmadığını iddia etdi…
“O insanlar ən ağır cəza ilə cəzalandırılmalıdır”
– Yox, bu, düzgün fikir deyil. Cənab prezident elə bu yaxınlarda sənaye üsulu ilə ilk dəfə neft çıxarılan quyunun üzərindəki lövhənin açılışında dedi ki, vaxtilə Azərbaycan Çar Rusiyası, Sovetlər Birliyi tərəfindən işğal olunmasaydı, 70 il sovetlər birliyinin tərkibində olmasaydıq, müstəqil olsaydıq, bundan on dəfə artıq yaxşı yaşayardıq, daha böyük nailiyyətlərimiz olardı. O baxımdan bu fikri söyləyənlər bugünkü Azərbaycanla keçmiş Azərbaycanı müqayisə etsinlər, görəcəklər ki, hər bir regionda yerlə göy qədər fərq var.
– Bu günlərdə Rusiya diplomatı Azərbaycan mediasına həqarət etdi. Sosial şəbəkələrdə sizin də adınız hallandırıldı ki, Rusiyadan orden alan azərbaycanlı siyasətçilər niyə təhqir olunmağımıza etiraz etmir? Şəxsən sizin Zaxarovanın dediklərinə münasibətiniz oldumu, yaxud olacaqmı?
– Mən mətbuatda öz etirazımı bildirmişəm. Xarici İşlər Nazirliyi də məsələyə münasibətini ortaya qoyub. Yəni bizim ordan orden-medal almağımız hərbi xidmətlə bağlı olan bir məsələdir, bununla əlaqədar başqa fikir söyləmək düzgün deyil. Bizim dövrümüzdə sovet ordusuna xidmətə aparırdılar. Mən həm Sovet ordusunda, həm də Azərbaycanın milli ordusunda xidmət etmişəm, Qarabağın azadlığı uğrunda mübarizə aparmışam, həmçinin uzun müddət Naxçıvan Muxtar Respublikasında, həmçinin digər bölgələrdəki döyüşlərdə iştirak etmişəm. O baxımdan deyilənlər həmin insanlara aidiyyəti olmayan məsələdir. Onda gərək biz 41-45-dən başlayaq ki, niyə bizimkilər müharibəyə gedib? Getməyəcəkdilər, aparıb güllələyəcəkdilər ki, “vətən xainidir”. (gülür) Yəni gərək bu məsələlər elementar qaydada qəbul olunsun. O ki qaldı Zaxarovaya, onun ziddiyyətli bəyanatları çox olur. Mən hesab edirəm ki, o, Rusiya Xarici İşlər Nazirliyinə yaraşmayan hərəkətlərlə məşğuldur.
– Bakı ermənisi Erik Xaçaturov 29 il sonra Bakıya gəldi, Azərbaycana ünvanlı isti sözlər söylədi. Bu cür qayıdışlara münasibətiniz necədir?
– Nə qədər çox ermənilər Azərbaycan haqqında informasiya alsalar, bu, bir o qədər münaqişənin daha tez həll olunmasına xidmət edər. Vaxtilə onların deputatlarının, yaxud QHT rəhbərlərinin, media nümayəndələrinin gəlməsi hesab edirəm ki, Azərbaycanın xeyrinə olan bir məsələdir. Bəzən bu gəlişlərə başqa ad verilir. Məsələ belədir ki, erməni milləti yaşamaq üçün yaxşı yer axtarır, onun üçün vətən anlayışı tamam başqadır. Yəni günü harada xoş keçdisə, ora onunçün vətəndir. Əslində gələcəkdə düşünsələr, görəcəklər ki, onlar daha çox itiriblər, nəinki Azərbaycan. Biz bir daha qonşumuzun hansı sifətə sahib olduğunu gördük. Təbii ki, Azərbaycanın əraziləri işğal olunub, 1 milyondan çox qaçqın-köçkünü var, Xocalı soyqırmı törədilib, muzeylərimiz tar-mar edilib, bütün sərvətlər daşınıb, neçə illərdir o ərazilərdə əkin-biçin yoxdur, ümumilikdə hesablayanda Azərbaycana böyük ziyan dəyib. Bunlar hamısı Azərbaycanın qan yaddaşıdır. Amma Azərbaycan onsuz da öz torpaqlarını artıqlaması ilə geri qaytaracaq, sonda isə uduzan Ermənistan olacaq.
– Tütün məmulatlarından istifadə ilə bağlı qərar qəbul olunsa da, onun işləyəcəyinə müəyyən şübhələr var. Ümumən tütün məhsullarının məhdudlaşdırılmasına münasibətiniz necədir?
– Yox, mən siqaret çəkmirəm. Dünyada artıq bu proses başlayıb. Biz də bu qərarı qəbul etməklə siqareti tamamilə qadağan etmirik, amma müəyyən məhdudiyyətlər qoyuruq ki, bunlar da vacibdir, zəruridir. Tutaq ki, azyaşlı uşaqlara siqaretin satılması, ictimai yerlərdə siqaretin çəkilməməsi, məktəblər və uşaq bağçalarına yaxın ərazilərdə tütün məmulatlarının qadağan edilməsidir. Bunları hamısı Azərbaycan xalqının genefondunun qorunmasına xidmət edir. Siqaret çəkirsən, həm xərcin çıxır, həm də canın gedir.
– Siz özünüz də facebook istifadəçisi deyilsiniz. Amma sosial şəbəkə “sakinləri”ni aşağılamağınıza da rast gəlməmişəm. Bu mənada həmkarınızın “avaralar” ifadəsini necə qarşıladınız?
– Hərə özünün haqlı olduğunu deyir. Hesab etmirəm ki, bütün fasebook iştirakçıları bu cür insanlardır. Facebook-dan hər cür insan istifadə edir: uşaqdan tutmuş böyüyə, dövlət işçisindən tutmuş nazirə, Milli Məclisin deputatına, qəzet redaktoruna, jurnalistə, siyasi partiya rəhbərinə qədər. Təbii ki, facebook istifadəçiləri arasında o cür insanlar da var, amma bu, çoxluq təşkil edə bilməz, ola bilər 1-2 faiz olsun. Hər bir fikir götür-qoy edilməli və düzgün ifadə olunmalıdır.
– Bir daha sizin komitə sədrinizi olduğunuzu nəzərə alıb sonuncu suala cavab almaq istəyirəm. Son zamanlar halallıqdan çox danışılır, “halal kolbasa”dan danışdığımız halda məlum olur ki, ölkəni leş əti başına bürüyüb. İndi də “halal otel” söhbəti gedir. Sanki biz halallıq adı altına haram işlərlə məşğul olmağa öyrəncəli oluruq. Səbəb nədir? Bu halların qarşısını necə almaq olar?
– O cür insanlar ən ağır cəza ilə cəzalandırılmalıdır. Belələri özünə qazanc əldə etmək üçün insanların səhhəti ilə oyun oynayır, vətəndaşları zəhərləyirlər, xəstə heyvanlardakı müxtəlif xəstəliklərin insanlara keçməsinə şərait yaradırlar. O məhsulları istehsal edən, ona sertifikat verən, onu daşıyan, hətta belə heyvanları kəsənlər hamısı inzibati məsuliyyətə yox, cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, xalqla, millətlə bağlı olan məsələlərdə heç kəs belə saxtakarlığa yol verməsin.
– Siyavuş bəy, belə söhbətlərdən sonra siz özünüz dönər yeyirsiniz?
– O qədər də çox yox. Demək olar ki, son dövrlər ümumiyyətlə istifadə etmirəm. Tələbəlik vaxtlarımda, cavanlıqda olub, indi demək olar ki, yox. Həm ətin mənşəyi ilə bağlıdır. Həm də necə deyərlər, yaşım artıq o yaş deyil (gülür).
– Nə qədər danışılsa da, çağırışlar olunsa da, əndazəni aşan toylar davam edir. Bu sahədə qayda yaradılması mümkün olacaqmı?
– Getdikcə qiymətlər azalır, bu proses gedir. Vaxtilə adambaşına 100 manata deyilən yerlər indi 30 manatdır. Bir məsələni də demək istəyirəm: Azərbaycanda ən çox toylara gedən adamlardan biri mənəm. Dost-tanışım çoxdur, çalışıram ki, şad günündə onların yanında olum. Görürsən artıq indi dəb halını alıb, hər kənddə şadlıq evləri olmasına baxmayaraq, insanların bir çoxu çalışır ki, gəlib Bakıda toy eləsin. Bu da həmin ailələr üçün çətinlik yaradır. Vaxtilə biz görmüşük ki, belə tədbirlər rayonlarda, kəndlərdə, toy sahibinin həyətində keçirilib. O daha təbii, daha gözəl olub, nəinki buradakı toylar. Bir də görürsən bir-birini tanımayan 200-250 nəfər bir günlük Bakıya gəlir ki, toya gəlmişəm. Gərək hər kəs nümunə göstərsin, normal qayda-qanun yaratmağa çalışsın. Hərə özündən başlamalıdır ki, digərlərinə də nümunə olsun.
İnterpress.az