Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə ərazisində Azərbaycan vətəndaşlarının PKK tərəfindən girov götürülməsi və sonradan azad edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya verdiyi açıqlamada deyib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı konsulluğumuz Türkiyə hüquq-mühafizə orqanları ilə məlumatı aydınlaşdırıb.
Türkiyə hüquq-mühafizə orqanlarından Azərbaycanın Türkiyədəki səfirliyinə bildirilib ki, hadisə İqdır ilə Qars arasındakı Kağızman bölgəsində baş verib. Avtobusdakı Azərbaycan vətəndaşlarından ölən və ya xəsarət alan olmayıb.
Hazırda həmin avtobusda nə qədər Azərbaycan vətəndaşının olması araşdırılır. Bu barədə əlavə məlumat veriləcək.
Məsələ Azərbaycan Xarici İşlər Nazirliyinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və Qars konsulluğunun diqqət mərkəzindədir.
İnterpress.az