Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev AzNews.az-a açıqlamasında 18 avqust tarixində haqqin.az portalında yayımlanan“Elmar Məmmədyarov səfirliyin harada yerləşdiyini bilmir” (“Эльмар Мамедъяров не знает, где находится его посольство”) başlıqlı yazını qeyri-peşəkar addım kimi dəyərləndirib:
“Təsdiq olunmamış və \”Yellow page\” tipli mənbələrdən götürülən səhv məlumatı həqiqət kimi təqdim etmək heç bir çərçivəyə sığmır. Məlumat ilk növbədə yoxlanılmalı və oxuculara düzgün məlumat çatdırılmalıdır. Azərbaycan Respublikasının Beyrutdakı diplomatik nümayəndəliyi Nəqqaş Rabia rayonunda digər səfirliklərlə qonşuluqda yerləşir. Burc Hammud tamamilə başqa istiqamətdir. Yəqin ki, Eynulla Fətullayev hələ də fəxri konsulluq ilə səfirliyin fərqini bilmir. Azərbaycanın Beyrutdakı fəxri konsulluğunun fəaliyyəti hələ çoxdan bağlanıb. Yaxın Şərqə bir-iki günlük səfərdən fərqli olaraq, Azərbaycan diplomatları ölkəmizin milli maraqları naminə çətin təhlükəsizlik şəraitində xidmət edirlər. Regionda qulluq edən Azərbaycan diplomatlarının bir çoxunun Yaxın Şərqdə 20-30 illik iş təcrübəsi vardır. Bu kimi məsuliyyətsiz fəaliyyət ilə xüsusilə Livanda Azərbaycan diplomatlarının və onların ailə üzvlərinin həyatı təhlükə altına qoyulur. Eynulla Fətullayev yaydığı bu yalan məlumatlara görə üzr istəməlidir. Xarici İşlər Nazirliyi olaraq həmişə peşəkar jurnalistlərin əməyini yüksək qiymətləndirmiş və böyük hörmətlə yanaşmışıq”.
İnterpress.az