İnterpress.az nazirliyin saytına istinadən xəbər verir ki, görüş zamanı təhsil nazirinin müavini Firudin Qurbanov Macarıstan və Çində bu ölkələrin ayırdıqları təqaüdlər hesabına təhsil almaq hüququ qazanmış tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb.
2015/2016-cı tədris ilində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil alacaq tələbələrin seçimi keçirilib, bununla da 51 nəfər Azərbaycan vətəndaşı Macarıstanın “Debrecen University”, “Budapest Business School”, “Corvinus University of Budapest” kimi ali təhsil müəssisələrində insan resurslarının idarəolunması, kompüter elmləri, biznesin idarəolunması, turizm, kimya mühəndisliyi, iqtisadiyyat və s. ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıblar. Bunlardan 18 nəfəri bakalavriat, 28 nəfəri magistratura, 5 nəfəri doktorantura təhsil səviyyələri üzrə təhsil alacaqlar.
Çinin ali təhsil müəssisələrində 2015/2016-cı tədris ilində təhsil alacaq tələbələrin seçimi aparılıb, yekun yerləşdirmələr nəticəsində 8 nəfər namizəd “Huazhong University of Science&Technology”, “China Medical University” kimi ali təhsil müəssisələrində çin dili, biologiya, tibb ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıblar.
Onlar Çin ali təhsil müəssisələrində bakalavriat, magistratura, doktorantura təhsil səviyyələri üzrə təhsil alacaqlar.
İnterpress.az