Parlamentdən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov görüşdə bildirib ki, Azərbaycanla ABŞ arasında münasibətlər yüksək səviyyədədir və daim inkişaf edir: “Ölkələrimiz terrorizmə qarşı mübarizə çərçivəsində yaxından əməkdaşlıq edir və eyni dəyərləri bölüşürlər. Azərbaycan Cənubi Qafqazda aparıcı rola malik ölkədir və dünyada öz tolerantlığı ilə tanınır”.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, “Xocalı” soyqırımı, ölkəmizdə qarşıdan gələn parlament seçkilərinə hazırlıq və ikitərəfli münasibətlərin müxtəlif məsələləri barədə ətraflı müzakirələr aparılıb. Bildirildi ki, parlamentlərarası əlaqələrin genişləndirilməsi iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir.
Söhbət zamanı Kanzas ştatının senatoru xanım Brenda Kay Vulf və nümayəndə heyətinin üzvləri Azərbaycanda keçirdikləri görüşləri yüksək qiymətləndiriblər, qarşılıqlı görüşlərin intensivliyinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, hər iki ölkə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır.Görüş zamanı qonaqları maraqlandıran bir sıra suallara da aydınlıq gətirilib.
İnterpress.az