Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi vətəndaşlara və soydaşlara xəbərdarlıq edir.
Interpress.az xəbər verir ki, məlumatda qeyd olunur:
“Hörmətli vətəndaşlar və soydaşlar,
Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında 2020-ci ilin mart ayının 14-dən etibarən qarşılıqlı razılaşmaya əsasən sərhədlər müvəqqəti olaraq bağlanmışdır.
2020-ci ilin mart ayından etibarən Səfirliyin vasitəsilə minlərlə vətəndaş və soydaşımızın Gürcüstandan Azərbaycan Respublikasına təxliyəsi həyata keçirilmişdir.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq Qərarına uyğun olaraq, hal-hazırda hava yolu ilə Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Gürcüstan vətəndaşları da aşağıda qeyd olunan hallarda Azərbaycan Respublikasına səfər edə bilər:
– valideynlərindən biri, qardaşı, bacısı, həyat yoldaşı, övladı, babası, nənəsi və ya nəvələri Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər;
– o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları);
– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər, həmçinin sözügedən sərnişinlərin ailə üzvləri (valideynləri, əri, arvadı və ya 18 yaşınadək uşaqlar).
Səfirlik vətəndaşlara və soydaşlara müraciət edir!!!
Səfirliyə daxil olan məlumatlara əsasən, son vaxtlar Kvemo Kartli regionunda fəaliyyət göstərən bir sıra işbazlar tərəfindən soydaşlarımızdan (Gürcüstan vətəndaşlarından) qeyri-qanuni olaraq müxtəlif məbləğlərdə vəsait mənimsəməklə və xüsusən də sənədlərin saxtalaşdırılması yolu ilə Azərbaycan Respublikasına getmələrinin təmin olunacağı vəd olunur.
Bununla əlaqədar, yuxarıda qeyd edilən qanunsuz fəaliyyətlə bağlı işbazlar tərəfinfən vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunduğu halda Səfirliyə dərhal məlumat verilməsi xahiş olunur.
Diqqətinizə çatdırılır ki, vətəndaşlarımızın və Gürcüstandakı soydaşlarımızın rifahı üçün çalışan Səfirliyin fəaliyyətinə ləkə salmağa çalışan şəxslərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və onlar ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar!!!
Səfirliyin əlaqə nömrələri:
+995-32-224-30-04 – (şəhər nömrəsi).
+995-577-00-00-38 – (24 saat fəaliyyət göstərən mobil “Qaynar Xətt” nömrəsi).
Elektron poçt ünvanı: [email protected]”, – deyə məlumatda bildirilir.