Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Həmidağa Hüseynzadənin məzarından görüntülər hər kəsin marağına səbəb olub.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, şəhidin məzarının önündə atasına göndərdiyi mesaj öz əksini tapıb.
Belə ki, mesaj mərmər daşın üzərində həkk olunub və sinə daşın yanında yerləşdirilib.
Şəhidin həlak olmamışandan iki gün əvvəl atasına göndərdiyi mesaj hər bir ziyarətçinin göz yaşlarına səbəb olub.
H.Hüseynzadə 2020-ci ilin sentyabrın 26-da, saat 09.30-da atasına yazıb:
“Ata, salam. Bağışla ki, səni gəlib görə bilmədim. Uşaqlar sənə salam göndərir. Üç günə qayıdıram”.
H.Hüseynzadə atasına son mesajı yazıb və üç günə qayıdacağına söz verir. Sözünə də əməl eləyib qayıdır. Amma şəhid olaraq qayıdır.
O, sentyabrın 28-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub və sentyabrın 30-da İkinci Şəhidlər xiyabanında dəfn olunub.
Prezidentin sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Əvvəllər isə III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilib.
Qeyd edək ki, Həmidağa Bağı oğlu Hüseynzadə 13 avqust 1990-cu ildə Bakı şəhərində anadan olub.
2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Ailəli idi. Bir qız övladı yadigar qalıb.