Sabiq rəis: “Ölkədə kriminal hadisələrin baş verməsi normaldır”backend

Sabiq rəis: “Ölkədə kriminal hadisələrin baş verməsi normaldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar hüquq mühafizə orqanlarının yaydığı məlumatlara əsasən, ölkədə baş verən cinayət hadisələrinin sayının artdığı müşahidə edilir. İnsanlar nəinki başqalarını hətta, ən yaxınlarını belə qətlə yetirirlər. Artıq oğlun atasını, atanın övladını, həyat yoldaşını qətlə yetirməsi sıradan xəbərlərə çevrilib.Cəmiyyətdə kriminoloji vəziyyətin bu şəkildə çoxalması nədən qaynaqlanır? Pandemiyanın burada rolu varmı?

İnterpress.az xəbər verir ki, bu barədə modern.az-a danışan sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev bildirib ki, cəmiyyət olan yerdə cinayət də var:

“Mən məsələni belə başa düşürəm. Cinayətsiz cəmiyyət ola bilər? Əlbəttə, yox. Ölüm də, oğurluq da, quldurluqda olacaq. Çünki ortada insan faktoru var. Stalinin dövründə deyilirdi ki, kommunizm qurulacaq və mənfi heç nə olmayacaq. Təbii ki, bu xülyadır”.

Pandemiyanın cinayətlərin çoxalmasına təsirlərilə bağlı fikirlərə münasibət bildirən kriminalist bunları deyib:

“Pandemiya ilə cinayətlər arasında əlaqə qurmağa çalışmaq boş bir şeydir. Yaxşı psixoloq və kriminalistlər bu məsələyə qiymət verməlidir. Guya xəstəlik əsəb yaradır, bu da kriminoloji durumun artmasına gətirib çıxarır. Təbii ki, bu cəfəngdir. Əsəb gərginliyidir, nolsun? Cinayətlərin çoxu tamah motivi əsasında baş verir”.

M.Hacıyevin sözlərinə görə, ailə içində konfliktlər yarana və bu konfliktlər bəzən ölümlə nəticələnə bilər:

“Çünki hər ailə eyni olmur. Ailə var intellektual səviyyəlidir, kübarlığı, savadlılığı ilə seçilir. Ailə də var, dünyagörüşü, intellekti, səviyyəsi yoxdur. Hər bir məsələyə vulqar münasibət bəsləyə bilər. Belə ailələr, adətən, səbirsizliyi və iradəsizliyi ilə seçilir. Nəticə kimi cinayət hadisəsi baş verir. Ancaq kriminoloji vəziyyət gərginləşməyib. Pandemiyanın və başqa məsələlərin əsas gətirilməsi heç bir əhəmiyyət kəsb etmir. Məsələ burasındadır ki, insan faktorunun olduğu yerdə heç zaman güllük-gülüstanlıq ola bilməz”.