“2021-ci ildə Azərbaycanda qeyri-neft sektorundan əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 17%, aksiz vergisi üzrə daxilolmalar 25 %, mənfəət vergisi üzrə daxilolmalar 16,3 %, mədən vergisi üzrə daxilolmalar isə 1,8 dəfə artıb”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
O, bu barədə rəhbərlik etdiyi qurumun sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda danışıb.
“Vergi daxilolmalarında ən yüksək artım templəri ictimai iaşədə 84,1 %, qeyri-neft sənayesində 29,1 %, pərakəndə ticarətdə 53,7 %, xidmət sektorunda 19,7 % müşahidə olunub. Ötən il regionlar üzrə daxilolmaların məbləği 956,7 milyon manat təşkil edərək əvvəlki illə müqayisədə 93,3 milyon manat və yaxud 10,8 % çox olub. Həmçinin fiskal nəticələrdən biri olaraq artıq ödəmələrin məbləğin755 milyon manat azaldılıb. Təkcə ötən il vergi orqanları 80 milyon manat artıq ödəməni azaltmaqla yanaşı, vergi daxilolmalaqrı üzrə proqnozları artıqlaması ilə yerinə yetirib”, – deyə Xidmət rəisi qeyd edib.
O.Nəzərli onu da bildirib ki, son 3 ildə dövlət-biznes sektor münasibətlərində başlanmış transformasiya prosesi uğurla davam edir: “Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu olub. Belə ki, rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, vergi ödənişinin stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir, leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə çalışır. Xüsusilə “Kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü biruzə verir. 2021-ci ildə qeyri-neft sektoru üzrə dövriyyənin 2020-ci ilə nisbətən 27,4%, ƏDV üzrə dövriyyənin 27,8%, elektron qaimə faktura üzrə dövriyyənin isə 24 % artması bu sektorda şəffaflaşmanı ifadə edən daha bir elementdir”.