“Türk Dövlətləri Təşkilatı 44 günlük Vətən müharibəsində bizə dəstək göstərmiş, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmişdir”.
İnterpress.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bursada keçirilən Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumunda “TDT üzv ölkələrində diasporların müasir vəziyyəti və gələcək perspektivi” mövzusunda keçirilən panel müzakirədə çıxışı zamanı bildirib.
F.Muradov deyib ki, Ermənistan tərəfi yeni reallıqlardan nəticə çıxarmayaraq, razılaşmanın əleyhinə gedir: “Çünki Zəngəzur dəhlizinin türk dünyası üçün yeni imkanlar açacağını bilir və bu layihənin reallaşmasından birtərəfli qaydada imtina edir. Dövlət və dövlət başçılarımızın münasibətindən bəllidir ki, türk dünyası üçün xüsusi əhəmiyyət daşıyan bu dəhlizin açılması Türk Dövlətləri Təşkilatının güclənməsinə xidmət edəcək. Eyni zamanda bu dəhliz Qazaxıstanın sabiq Prezidenti, Elbası Nursultan Nazarbayevin “Türk dünyasının gələcəyi – 2040” adlı sənədin hazırlanması barədə irəli sürdüyü təklifin inam və uğurla reallaşmasına da öz töhfəsini verəcək”.