“Onlar hamısı öz cəzasını alacaq. Dövlət heç kimi boş buraxmır, dovşanı arabayla tutur. Əgər dünən burada bir əclaf sizi qarşılasaydı, düzgün söhbət etsəydi, indi burda problem olmazdı. Xeyli adam Bakıya çatardı. ”
İnterpress.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Ukraynadan təxliyə olunmuş azərbaycanlılarla İstanbul aeroportunda görüşərkən səsləndirib.
Bu barədə paylaşılan videoda Qüdsi Osmanov ad çəkməsə də, Türkiyədəki səfirimiz, diplomatik korpusumuz barədə ağır ifadələr işlədib.
Eyni zamanda hər kəsi səbrli olmağa çağırıb: “Sizin özünüz həmin adamlardan dəyərlisiniz. İnsanın dəyəri vəzifəsilə ölçülmür. İnsanlara münasibətilə ölçülür. Bizin Prezidentimiz gedib kənd adamının əlini öpür, onlara ehtiramını bildirir. Mən də Prezidentin nümayəndəsi kimi sizin yanınızdayam. Siz yaramaz adamlara fikir verməyin”.
Bu videonu özünün feysbuk hesabından paylaşan Müsavat Media qrupunun rəhbəri Rauf Arifoğlu isə Türkiyə və Ukraynadakı səfirlərimizi müftəxor adlandırıb: “Ankarada böyük səfirliyimiz, İstanbulda çoxştatlı konsulluğumuz olduğu halda, Moldova səfiri Qüdsi Osmanov gedib İstanbulda müharibə qaçqınlarının problemlərini həll edir. Heç nəyə yaramayan diplomat və müftəxor XİN çalışanlarını sistemdən uzaqlaşdırmaq lazımdır. Fərarilik edib, Kiyevdən qaçan Elmira Axundova hələ də Ukrayna səfiridir! Hələ də səfir kimi yüksək maaş alır! Belə olmaz axı!!! Bu yaramazları, öz vəzifəsinin öhdəsindən gələ bilməyənləri hələ də iş başında saxlamağın anlamı nədir! Fövqəladə durumlarda adekvat olmayan bütün dövlət kadrosu yenilənməlidir!”.
Xatırladaq ki, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın kim olduğu ictimaiyyətə məlumdur. Deputat Fəzail Ağamalı Rusyaya bağlı biri kimi tanınan E. Axundovanın Ramiz Mehdiyevin himayəsi ilə səfir olduğunu bildirib.
“Elmira Axundova 6 il Moskvada yaşayan və orada nə işlə məşğul olması bilinməyən Hüseyn – Fərmanın ailəsində dünyaya gəlib. Bu gün də Elmira Axundova atası ilə bağlı suallardan yayınır…
Ramiz Mehdiyevə qədər Yazıçılar Birliyində katibə olan Elmira Axundovanın ulduzu 1995-ci ildə parlayıb. Ramiz Mehdiyev Prezident Adminstrasiyasının rəhbəri vəzifəsinə gələndən 1 ay sonra Elmira Axundova onun rəhbəri olduğu Əfv Komissiyasına üzv olub. Komissiya üzvü kimi də fəaliyyəti çoxlu suallar doğururdu. 2005-ci ildə isə Elmira Axundova Ramiz Mehdiyevin siyahısından parlamentə ötürüldü.
Parlamentdə oturub “Ramiz Mehdiyevin kitabları hər kəsin stolüstü kitabı olmalıdır” şəklində fikirlərlə gün keçirir, populist çıxışlarla diqqət çəkirdi. Bu tandemin sonrakı dövrdə əməllərini isə PA-da bilməyən yox idi.
Hətta Elmira Axundova Ramiz Mehdiyev barəsində “Sabahkı gün haqqında düşünərkən” adlı kitab belə yazıb. Ramiz Mehdiyev də ona borclu qalmayıb. 1995-ci ildən 2019-cu ilin oktyabrına qədər Elmira Axundovaya bir neçə 10 milyon manatın sahibəsinə çevrilməsinə şərait yaradıb, hüquq-mühafizə orqanlarını onun və oğlunun əməllərini araşdırmaqdan kənar saxlayıb” -deyə, Axundova ilə bağlı yayılan son məlumatlardan birində bildrilir. .
Azərbaycanın Türkiyədəki səfiri isə Rəşad Eynəddin oğlu Məmmədovdur. 2021-ci ildə səfir təyin edilən Rəşad Məmmədov 1973 ildə Gəncə şəhərində anadan olub. 1990–1995 — Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil alan R. Məmmədov magistraturanı Rusiyada oxuyub. G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib.
Hərbi xidmətdən sonra bir müddət Hərbi Prokurorluk sistemində çalışıb. Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi, Bakı Hərbi Prokurorunun köməkçisi olub.
2000–ci ildə XİN sistemində işə başlayan Rəşad Məmmədovun diplomat kimi ilk fəaliyəti də Rusiya ilə bağlıdır. Əvvəlcə Azərbaycan Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe, 2001–2006- cı illərdə isə Azərbaycanın Rusiyadakı səfirliyində üçüncü katib, ikinci katib kimi çalışıb.
2006- 2008- ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquqməsələləri şöbəsinin müdiri, 2008–2010-cu illərdə, Azərbaycannın Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib.
2010–2015- ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu, 2015-2021-ci illərdə u Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri işləyib.(AzPolitika.info)