“Çin, Belarus, İran, Əfqanıstan, Ermənistan, Serbiya, bəzi Orta Asiya dövlətləri, bəzi Orta Şərq dövlətləri yeni savaşda Rusiyanın safında dayanacaqlar”.
Bu sözləri Rusiyanın 9 May qələbə günü mühüm gedişat edəcəyi ilə bağlı proqnozları dəyərləndirən politoloq Elman Vəliyev İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın qısa zamanda Ukraynanı diz çökdürəcəyi qeyri-real görünür. Rusiyanın yeni əməliyyatlara başlayacağını demək daha məntiqlidir:
“Rusiyanın başını Ukraynada qatmaqla NATO genişlənmə politikasına davam edir. Lakin Rusiyanın dağılmasını deyil, super güc aktorluğundan düşməsini planlamaq daha məkrlidir. Bu dövlətlərin-Rusiya, ABŞ, Çin, Fransa, Almaniya, İtaliya, Britaniya kimi böyük dövlətlərin bir neçə birlikdə gördükləri layihələr var. “Süni günəşdən” tutmuş, kosmosun kəşfi, suni emerji və s. kimi milyardlar dəyərində layihələr var. Ümumilikdə siyasi arenanın yenidən əvvəlki vəziyyətinə qayıtması absurddur. Rusiya bundan sonra ətrafını daha da gücləndirməyə çalışacaq. Rusiya üçün Krım vazkeçilməzdir, həmçinin Odessaya da eyni cür yanaşma var. Moldova təşviş içindədir. Moldovanın strateji mövqeyi çox mühüm olmasa da, Ukrayna ilə sərhəddə, Dnestryanı bölgə üçün vacibdir. Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciətlər edəcəklər. Mərkəzi Asiya dövlətlərinin bəziləri heç 9 mayı qeyd etməyəcəklər. Rusiya ondan imtina etməyən istənilən tərəflə ittifaqı qurmağı niyyətləyib. Çin, Belarus, İran, Əfqanıstan(Taliban rejimi), Ermənistan, Serbiya, bəzi Orta Asiya dövlətləri, bəzi Orta Şərq dövlətləri(xüsusilə də, Əsəd rejimi) yeni savaşda Rusiyanın safında dayanacaqlar. İsrail aşkar şəkildə Ukrayna leyhinə hərəkət edir. Buna cavab olaraq Rusiyanın Həmasa yardım edəcəyini istisna etmirəm”.
Rusiyanı zəiflətmək üçün Ukraynadan daha yaxşı bir fiqur olmadığını qeyd edən Elman Vəliyev hesab edir ki, artıq ikinci soyuq müharibə başlayıb. Lakin bu dəfə ideologiya mübarizə ilə yanaşı, enerji mübarizəsini də mövcuddur:
“Xırda dövlətlərin yeni güc mübarizəsində öz suverenliklərini sabit saxlayacağı ehtimalı çox azdır. Bu mübarizədə Qərb çox güclüdür. Rusiya ilə Çinin tam zəif bir fiqura dönüşməsi üçün əllərindən gələni edəcəklər. Rusiyadan sonra növbə Çinə çatacaq. Çin də öz rıçaqlarını üzübəri atmağa başlayıb. Çin təkcə Şimali Çin dənizində ağalıq etməklə kifayətlənmir, Avrasiya, Mərkəzi Asiya, Afrika, hətta son zamanlar C. Qafqazla da nizamlı əlaqələr qurur. Çin artıq iqtisadi siyasətlə kifayətlənməyərək, hərbi sahədə də genişlənmə aparmaqdadır. Serbiya Çinin HQ-22 uzaq mənzilli hava müdafiə sistemini aldı. Bununla da Serbiya Çinin satdığı silahları istifadə edən ilk Avropa dövləti oldu. Amerika buna heç cür göz yuma bilməz. Mütləq ki, Çin üçün də bir plan hazırlayıb. Covid-19 planı deşifrə olundu. Tayvan kartı Amerika üçün yaxşı vasitə ola bilər”.