Rusiya Əmək Nazirliyi azərbaycanlıları işə götürməmək barədə göstəriş verib.
İnterpress.az xəbər verir ki, Rusiya Əmək Nazirliyi bölgələrə göndərdiyi təlimatlarda Azərbaycan vətəndaşlarının işə qəbul edilməməsini tapşırıb.
Sənədlər 30 iyul tarixində paylanıb və səbəb kimi Moskva ilə Bakı arasında münasibətlərin gərginləşməsi göstərilib.
Nazirlik həmçinin müəssisələrdən 15 iyul tarixinədək artıq işləyən azərbaycanlıların siyahısını tələb edib.
Siyahıya ad, soyad, doğum tarixi, vəzifə, icazə sənədlərinin məlumatları və əlaqə nömrələri daxil edilməlidir.
Bu tədbirlərin “əmək bazarındakı risklərin qarşısını almaq” məqsədi daşıdığı iddia olunur.
Bir çox müəssisələr rəsmi hesabatlarında azərbaycanlı işçilərinin olmadığını bildirsə də, sosial şəbəkələrdə səslənən rəqəmlər — Rusiyada 1,5 milyonadək azərbaycanlının yaşaması — bu bəyanatların həqiqiliyinə şübhə yaradır.
Müşahidəçilər hesab edir ki, müəssisələr hesabatdan əvvəl bu işçiləri işdən azad edərək rəqəmləri “yox” kimi göstərməyə çalışıb.
Qeyd edək ki, hələ 2024-cü ildə Rusiya əmək naziri ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirərək əməkdaşlığın hər iki ölkə üçün faydalı olduğunu vurğulamışdı.
Xuraman Etibarlı
İnterpress.az