Ötən il Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) terror təşkilatları ilə bağlı 106 min məlumat daxil olub. 2021-ci ildə bu göstərici 75 min olub.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ötən il MİT-ə bildirilən 106 min məlumatdan 7 mini ilə bağlı əməliyyat keçirilib. Əməliyyata çevrilən bildirişlərin 7 min 40-ı FETÖ, PKK/YPG və İŞİD-lə bağlı olub.
Agentliyin xəbərinə görə, keçən il MİT-ə ingilis, alman, fransız, rus və ərəb dillərində 2 785 məlumat daxil olub. Xarici dillərdəki bildirişlərin əksəriyyətinin PKK/YPG, İŞİD və FETÖ terror təşkilatları ilə bağlı olduğu vurğulanıb.
Bundan başqa, qurumun ötən il yenilənən karyera saytı da böyük marağa səbəb olub. Belə ki, MİT-də vəzifə sahibi olmaq üçün 12 min 372 nəfər rəsmi sayt vasitəsilə tərcümeyi-hal göndərib. Bu say iki il əvvəl təxminən 5 000 idi. Rəqəmlər son iki ildə iş üçün müraciətlərin sayının 2,5 dəfə artdığını göstərir.
Eyni zamanda, MİT-ə daxil məlumatların və iş müraciətlərinin sayının artmasında son dönəmlər televiziya kanallarında mərkəzi mövzusu qurumun fəaliyyəti olan serialların nümayiş olunmasının təsirli olduğu bildirilib.
Sözügedən seriallarda MİT-in Türkiyəyə qarşı təhdidlərlə mübarizəsi zamanı baş verənlər süjetin əsas xəttinə çevrilir.