“Gürcüstan Rusiyanın Ukraynanı işğala girişməsinin özünə münasibətdə təhlükəli paralellərini görür və böhrana münasibətdə elə mövqe tutur ki, uçuruma yuvarlanmasın”.
Bu sözləri Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Kiyevlə Gürcüstanın münasibətlərini şərh edən siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmur, bunun əksini özünün milli maraqlarına təhlükə sayır. Kiyev az qala məcbur edir ki, Gürcüstan mütləq şəkildə Rusiyaya qarşı kampaniyanın iştirakçısı olsun:
“Ukrayna keçmişə ekskurs edərək Gürcüstana verdiyini tələb edir. Ukrayna 2008-ci ildə Gürcüstana verdiyi silahları, “Buk” zenit-raket komplekslərini geri istəyir. Lakin Tbilisinin arqumenti budur ki, həmin tədarük hədiyyə kimi deyil, ödəniş əsasında gerçəkləşib. Ukrayna hətta ABŞ-nin Gürcüstana verdiyi “Javelin” tank əleyhinə sistemlərin də geri alınmasını tələb edir. Bu, aşkar şəkildə Vaşinqtonla Tbilisinin əlaqələrində məqsədli şəkildə gərginlik yaratmaq və ikincini az qala Ukraynadakı müharibənin tərəfinə çevirmək cəhdi kimi qiymətləndirilə bilər. Əgər ABŞ Ukraynanın sözlərinə qulaq asıb, Gürcüstana silah tədarükünə yenidən baxılmasını nəzərdən keçirsə, bu, Vaşinqton üçün strateji faciə olar. Ancaq ABŞ-nin Gürcüstanı “silib-süpürmək” səylərinə girişməsi inandırıcı görünmür, çünki Ağ Ev üçün Tbilisinin həm siyasi, həm də strateji əhəmiyyəti böyükdür. Ukraynanın təzyiqləri, Rusiyanın münaqişə ocaqlarını qıcıqlandırması Gürcüstanın Qərbə yolunu bağlamaq gücündə deyil.
Qərbin özü də Gürcüstan üzərindəki manevrlərini ehtiyatlı ölçülərlə qurur”.