“Taksilərdən və fərdi avtomobillərdən istifadə artacaq” – Proqnozbackend

“Taksilərdən və fərdi avtomobillərdən istifadə artacaq” – Proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu artımdan sonra ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinın qalxmasını gözləməyə dəyməz”.

İnterpress.az xəbər verir ki, bu sözləri ictimai nəqliyyatda gedişhaqqının artmasını şərh edən nəqliyyat elsperti Ərşad Hüseynov deyib.

O, bildirib ki, gediş haqlarının da artması əhali üçün əlavə xərc deməkdir. Ona görə də bu artım ictimai nəqliyyatdan istifadə edənlərin maddi vəziyyətinə öz mənfi təsirini göstərəcək:

“Bu artım ictimai nəqliyyatın maliyyə-iqtisadi çətinliklərini həll etməyəcək. Daşıyıcılar arzuladıqları maliyyə qaynağını ala bilmədilər. Sahənin iqtisadiyyatını araşdıranlar, daşımaların maya dəyərini hesablayanlar birmənalı olaraq vurğulayırlar ki, istər metroda, istərsə də avtobusla bir səyahətin maya dəyəri artımdan sonrakı gediş haqqından da çoxdur. Belə olan halda yeganə gəlir mənbəyi həmin gedişhaqqları olan daşıyıcılar yenə də mənfəət əldə edə bilməyəcəklər, zərərlə işləyəcəklər, yaxud zərərlə işləməmək üçün bu sahəni tənəzzülə aparan və xərcləri azaldan addımlar atacaqlar.

İctimai nəqliyyatın gəlirləri nəinki bu xidməti günün tələbi səviyyəsində saxlamağa imkan verməli, həm də onun yaxşılaşdırılması və inkişafı üçün maliyyə qaynağı olmalıdır. Bu artımdan sonrakı gediş haqları hətta indiki cari xərcləri qarşılamayacaqsa, deməli, hər hansı inkişaf barədə düşünmək belə yersizdir. Bu isə o deməkdir ki, ictimai nəqliyyat sahəsi nəinki inkişaf etməyəcək, hətta əksinə çökməkdə davam edəcək. Axı avtobus parkı hər keçən gün bir az da köhnəlir, texniki qulluq xərci bir az da artır və s.

Bu artımdan sonra ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinın qalxmasını gözləməyə dəyməz. Deməli, xidmət keyfiyyətinin ən yaxşı halda indiki kimi qalacağı təqdirdə artan gediş haqları əhalinin ictimai nəqliyyatdan uzaqlaşmasını stimullaşdıracaq. Təbii ki, belə olanda taksilərdən və fərdi avtomobillərdən istifadə artacaq. Küçələrdə fərdi avtomobil və taksi sayının artması isə tıxacların artması və daha sürəkli xarakter alması deməkdir. Gediş haqlarının indiki artımı və Tarif Şurasının fəaliyyət təcrübəsi onu deməyə əsas verir ki, hökümətin ictimai nəqliyyatın iqtisadi vəziyyəti ilə bağlı məsələyə yenidən qayıtması haradasa 3-4 ildən sonra olacaq. Əgər belə olarsa, ölkənin, xüsusən də Bakının ictimai nəqliyyatı tam çökəcək. Özəl daşıyıcılar sadəcə iflasa uğrayaraq bu sahədən çəkiləcəklər. Yeni özəl daşıyıcıların indiki şərtlərlə bu sahəyə gəlməsi isə təsəvvür edilən bir şey deyil”.